Tiflisdə Cənubi Qafqazda ticarətin sadələşdirilməsi ilə bağlı regional konfrans keçirilir

Tiflisdə Cənubi Qafqazda ticarətin sadələşdirilməsi ilə bağlı regional konfrans keçirilir
# 13 iyun 2012 11:13 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis (Gürcüstan) şəhərində ABŞ hökumətinin təşəbbüsü ilə Cənubi Qafqazda ticarətin sadələşdirilməsi, “bir pəncərə” prinsipi və ticarət məlumatlarının harmonizə olunmasına dair iki günlük II Regional Konfrans işə başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Gəlirlər Xidməti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə baş tutub. Tədbirdə məqsəd təcrübə mübadiləsi aparmaq və Qafqaz və Qara dəniz regionunda ticarətin inkişaf etməsinə kömək edən müasir texnologiyanı müzakirə etməkdir.

Konfransı açıq elan edən USAİD-in layihə rəhbəri Joakim Parker, BMT-nin İnkişaf Proqramı (UNDP) Gürcüstan nümayəndəsinin müavini İnita Pauloviça, Avropa Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri Boris Laroçeviç açaraq konfrans iştirakçılarına uğurlar arzulayıblar.

Gürcüstan Gəlirlər Xidmətinin rəis müavini Lili Begiaşvili, Gürcüstan Ədliyyə Nazirliyinin məlumat mübadiləsi layihəsinin mütəxəssisi Paata Sirbiladze və Azərbaycanın Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev gömrük məntəqələrində həyata keçirilən “bir pəncərə” sistemi, ticarətə yardımın sadələşdirilməsi, sərhədlərdə gömrük-buraxılış məntəqələrində administrativ sənədlərin kompüter sistemi ilə ötürülməsi, gömrük məntəqəsində gedən proseslərin standartlaşdırılması və gələcək layihələrdən söz açıblar.

Konfransda Gürcüstan, Türkiyə, Azərbaycan, Ermənistan və Ukrayna sərhəd-gömrük strukturlarının, eyni zamanda özəl şirkətlərin 100-ə qədər nümayəndəsi iştirak edir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiaları Baş İdarəsinin rəisi, texnika elmləri doktoru İqbal Babayev APA-ya açıqlamasında hesabat xarakterli çıxış etdiyini və tədbir iştirakçılarına gömrük-buraxılış məntəqələrindəki yeniliklərdən söhbət açdığını bildirib: “2009-cu ilin yanvarın 1-dən Azərbaycanda “bir pəncərə” prinsipi həyata keçirilir. Əvvəllər gömrük məntəqəsində bir neçə nazirlik gömrük-buraxılış məntəqələrində malların və nəqliyyat vasitələrinin yoxlanışını həyata keçirirdi ki, bu da çox böyük çətinliklər törədirdi. İndi bütün bu səlahiyyətlər Dövlət Gömrük Komitəsinə verilib. Bu da çox böyük nəticə verib. İndi yük maşınları sərhədi avtomatlaşdırılmış sistemlə 15-20 dəqiqəyə keçə bilir. “Bir pəncərə” sistemi sayəsində xarici ölkələr tərəfindən Azərbaycana ixrac meyli indi daha çox artıb. Çalışırıq ki, sərhəd-gömrük məntəqələrində kağızla xidməti elektron xidmət ilə əvəz edək. Bu barədə Azərbaycan prezidentinin sərəncamı da var. İndiyədək 60-70 qeydiyyat jurnalını ləğv etmişik”.

Konfrans sabah işini davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR