Kənd və qəsəbələrin su təminatı yaxşılaşdırılır

Kənd və qəsəbələrin su təminatı yaxşılaşdırılır
# 13 iyun 2012 14:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Ağcabədi rayonunun Hindarx qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılıb.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu işlər çərçivəsində qəsəbədə 2 ədəd subartezian quyusu qazılıb, tutumu 25 kubmetr olan su çəni quraşdırılıb, 2 km uzunluğunda su xətti çəkilib. 8431 nəfər əhalisi olan Hindarx qəsəbəsinin içməli su təchizatı hazırda subartezian quyuları hesabına aparılır.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirib ki, layihə çərçivəsində qazılmış 2 subartezian quyusundan birincisi istismara verilir və bununla da 250-dən çox ailənin və ya 1000-dən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Yaxın vaxtlarda ikinci subartezian quyusunun istismara verilməsi ilə 300-ə qədər ailə və ya 1250-dən çox sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. E.Məmmədov Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin Asiya İnkişaf Bankından alınacaq kredit hesabına həyata keçiriləcəyini xatırladaraq tikinti işlərinə 2012-ci ilin sonuna qədər başlanacağını bildirib.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində “Azərsu” ASC-nin genişmiqyaslı tədbirlər həyata keçirdiyini xatırladaraq, rayonun içməli su çatışmazlığı müşahidə olunan 6 kəndində 10 subartezian quyusunun qazılacağını bildirib.

Qeyd edək ki, indiyədək “Azərsu” ASC kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirib. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə, Balakən rayonunun Tülü və Hənifə, Siyəzənin Eynibulaq kəndlərində və Şamaxının Sabir qəsəbəsində içməli su təchizatı yenidən qurulub, həmin yaşayış məntəqələrinə yeni su xətləri çəkilmiş, su anbarları tikilib. Eyni zamanda Ağdam, Füzuli, Tərtər, Astara və digər rayonların kənd və qəsəbələrində də belə layihələr həyata keçirilir. «Dövlət başçısının tapşırıqlarına uyğun olaraq iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrində də su təchizatı və kanalizasiya layihələri icra ediləcək. İlk növbədə bütün şəhər və rayon mərkəzləri, həmçinin yaxınlıqda yerləşən kənd və qəsəbələrin problemləri öz həllini tapacaq, növbəti mərhələdə isə digər yaşayış məntəqələrində belə layihələrin həyata keçirilməsi nəzərdə tutulur» - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR