IDC şirkəti Bakıda nümayəndəlik açacaq

IDC şirkəti Bakıda nümayəndəlik açacaq
# 14 iyun 2012 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «International Data Corporation» (IDC) şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu IDC-nin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda IDC-nin nümayəndəliyinin nə vaxt açılacağı hələ müəyyənləşməyib: «Bizim Qazaxıstandakı nümayəndəliyimiz 2008-ci ildə fəaliyyətə başlayıb, halbuki Rusiyada nümayəndəlik 1995-ci ildə açılıb. Gördüyünüz kimi, nümayəndəliklərin açılması arasındakı vaxt heç də az deyil. Lakin onu deyə bilərəm ki, Azərbaycanda nümayəndəlik dəqiq açılacaq».

Qeyd edək ki, IDC – İT mütəxəssislərinə, rəhbərlərə və investorlara texnikanın alınmasına və biznes-strategiyasının seçilməsinə dair əsaslandırılmış qərarlar qəbul etməyə kömək edir. IDC-nin 1 000-dən artıq analitiki 110 ölkədə dünya, regional və yerli səviyyədə bu sahəyə məxsus olan texnologiyaları, tendensiyaları və imkanları öyrənirlər. IDC İT sahəsində nəşr, tədqiqat və xüsusi tədbirlərin keçirilməsi üzrə dünya bazarının lideri olan IDG şirkətinin filialıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR