Azərbaycanda tikinti işləri üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitin həcmi 28% artıb

Azərbaycanda tikinti işləri üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitin həcmi 28% artıb
# 18 iyun 2012 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4,5 mlrd. manat və yaxud 2011-ci ilin eyni dövrü ilə müqayisədə 28,3% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 2,2 mlrd. manatı və ya 50%-i məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub: «Əsas kapitala yönəldilmiş vəsaitin 3,4 mlrd. manatı və ya 76,5%-ni daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 29,2% yüksək olub, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 25,5% artıb».

Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 26,6% artaraq 2,6 mlrd. manat təşkil edib.

Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5 921,4 mln. manat məbləğində vəsait ayrılması nəzərdə tutulub və ilin əvvəlindən ötən 5 ay ərzində həmin vəsaitin 1 820,3 mln. manatından istifadə edilib.

«Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Belə ki, hesabat dövründə ümumi sahəsi 545,9 min kv. metr yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 360 şagird yerlik məktəb, 140 yerlik klub, Bakıda Heydər Əliyev Mərkəzi, «Baku Crystal Hall» İdman-Konsert Kompleksi, «Qafqaz Baku City Hotel and Residences» və «JW Marriott Absheron» hotelləri, Zirə İdman Kompleksi, «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində «Azgüntex» zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncə şəhərində Alüminium zavodu Kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda «Ayan Palace» hoteli və digər obyektlər istifadəyə verilib», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR