Azərbaycanda icazəsiz tikilən istixanaların sahəsi artırılacaq

Azərbaycanda icazəsiz tikilən istixanaların sahəsi artırılacaq
# 19 iyun 2012 10:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət komitələrinin birgə iclasında Şəhərsalma və Tikinti Məcəlləsinin müzakirəsi keçirilib.

APA_Eonomics”in xəbərinə görə, iclasda sonuncu - 3-cü oxunuş ərəfəsində məcəlləyə təklif edilmiş əlavə və düzəlişlər müzakirə edilib.

Bildirilib ki, Milli Məclisin son plenar iclasında məcəllənin 2-ci oxunuşda müzakirəsi zamanı sənədə edilən təkliflərin əksəriyyəti nəzərə alınıb. Bununla yanaşı, birgə iclasda məcəlləyə yeni əlavələr barədə də təkliflər səslənib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə tikintisinə icazə tələb olunmayan tikililərin siyahısında istixanaların ölçü məhdudiyyətlərinin ya ləğv edilməsini, ya da artırılmasını təklif edib. Hazırda sənəddə nəzərdə tutulur ki, hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kv. metr olan istixanaların və oranjereyaların tikintisi üçün icazə tələb olunmur. Komitə sədri isə təklif edib ki, burada nəzərdə tutulan 50 kv. metrlik məhdudiyyət ya aradan qaldırılsın, ya da 500 kv. metrə qaldırılsın. Onun sözlərinə görə, qonşu Rusiya, Qazaxıstan və Moldovanın qanunvericiliyində bu rəqəm 500 kv. m götürülüb.

Bu təklifi millət vəkili Çingiz Qənizadə də dəstəkləyib: «Əgər kimsə öz həyətində istixana yaradıb, əkin-biçinlə məşğul olub çörək qazanırsa, niyə buna görə icazə almalıdır?» İclasın digər iştirakçıları, o cümlədən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov və Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda məcəllə üzərində çalışan işçi qrupunun rəhbəri Səyyad Kərimov da təklifi dəstəkləyib.

İclasda müzakirə edilən digər təklif hasarların hündürlüyü barədə olub. Z.Səmədzadə hasarların məcəllədə nəzərdə tutulan hündürlüyünün (2,2 metr) çox olduğunu, Avropa və digər inkişaf etmiş ölkələrdə daha alçaq hasarlardan istifadə olunduğunu bildirib. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə bu rəqəmi reallığa uyğun sayıb. Onun sözlərinə görə, hasarın hündürlüyünün 2,2 metr olması küləkli hava şəraitində həyətdə dayanıqlı hava şəraitini təmin etməyə imkan verir. Bundan başqa, hasarların hündür olmasını insanların mentaliteti də tələb edir: «Əgər biz burda hasarı daha aşağı hündürlükdə götürsək və ya kəskin azaltsaq, indidən deyə bilərik ki, bu maddə işləməyəcək».

E.Əsədov buna misal olaraq bildirib ki, bir neçə il əvvəl Kanada firmalarından biri Yeni Yasamal ərazisində 100-dən artıq villalardan ibarət şəhərcik salıb və bu villaları Azərbaycan vətəndaşlarına satmaq istəyib: «Amma həmin şəhərcikdə villalar arasında hasar nəzərdə tutulmadığına görə bir nəfər də olsun, azərbaycanlı ordan villa almadı. Həmin firma məcbur olub villaları xarici vətəndaşlara icarəyə verməli oldu».

İclasda Şəhərsalma və Tikinti Məcəlləsinə edilən əlavə və təkliflərin işçi qaydada müzakirə olunaraq sənədin parlamentin 3-cü oxunuşuna tövsiyə edilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR