Dünya Bankı: Yaxın zamanlarda Bakı-Şamaxı yolunun genişləndirilməsinə başlanacaq

Dünya Bankı: Yaxın zamanlarda Bakı-Şamaxı yolunun genişləndirilməsinə başlanacaq
# 19 iyun 2012 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) maliyyə vəsaiti hesabına genişləndiriləcək Bakı-Şamaxı yolunun 110 km-lik hissəsində işlərə tezliklə başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu DB-nin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali bildirib.

Onun sözlərinə görə, Bakı-Şamaxı yolunda tikinti işlərinin başlanmasında ləngimələrə bir neçə amil səbəb olub: «İlk növbədə bu ərazidə yaşayış evlərinin köçürülməsi və ekoloji normalara riayət edilməsi olub. Bundan başqa, texniki dizaynın dəyişməsi məsələsi də ləngimələrin əsas səbəblərindəndir. Texniki dizaynın dəyişməsi zamanı bizə məlum oldu ki, işlərin xərcləri əhəmiyyətli dərəcədə artacaq. Bun görə biz Azərbaycan hökuməti ilə optimal variantı seçdik və bu variantın seçimi də müəyyən vaxt apardı. Daha sonra tikinti işlərini aparacaq podratçını seçmək üçün tender keçirildi ki, bu da kifayət qədər vaxt aparıb. Lakin artıq bütün hazırlıq işləri başa çatdırılıb və tezliklə Bakı-Şamaxı yolunun genişləndirilməsi istiqamətində tikinti işlərinə başlanacaq».

Qeyd edək ki, Bakı-Şamaxı yolunun 110 km-lik hissəsinin genişləndirilməsinə DB tərəfindən Azərbaycan hökumətinə 2010-cu ilin avqust ayında 241,6 mln. ABŞ dolları məbləğində kredit ayrılıb. Layihənin ümumi qiyməti 356,15 mln. dollar təşkil edir. Bundan 50 mln. dollar Azərbaycan hökumətin öhdəsinə düşür. DB-nin kredit vəsaitləri Bakı-Şamaxı yolunun bir hissəsinin iki zolaqdan 4 zolağa genişləndirilməsi üçün istifadə ediləcək.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycan hökumətinə 3 mlrd. dollara yaxın kredit ayırıb.

Qeyd edək ki, H.Kerali bundan öncə Cənubi Qafqaz regionu üzrə nəqliyyat proqramının rəhbəri vəzifəsində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR