Nəqliyyat sahəsində Azərbaycan-İordaniya birgə komissiyasının ilk iclası keçirilib

Nəqliyyat sahəsində Azərbaycan-İordaniya birgə komissiyasının ilk iclası keçirilib
# 20 iyun 2012 10:23 (UTC +04:00)
Bakı – APA-Economics. Əmman (İordaniya) şəhərində nəqliyyat sahəsində Azərbaycan-İordaniya birgə komissiyasının ilk iclası keçirilib. Bu barədə “APA-Economics”ə Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

İclas 29 iyul 2007-ci il tarixində Azərbaycan və İordaniya hökumətləri arasında imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişin müddəalarına əsasən baş tutub.

İclasa İordaniya tərəfindən Yerüstü Nəqliyyat Tənzimləyici Komissiyasının baş direktoru Cəmil Mücahid, Azərbaycan tərəfindən isə Nəqliyyat Nazirliyi Dövlət Yol Nəqliyyat Xidmətinin rəis müavini Yaqub Novruzəliyev sədrlik edib. Tədbiri giriş sözü ilə açan C.Mücahid tərəflər arasında nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanlarının olduğunu və komissiyanın iclasının bu sahədə inkişafa təkan verəcəyini qeyd edib. Daha sonra söz alan Y.Novruzəliyev nəqliyyat sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri sadalayıb və indiki mərhələdə ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən layihələr haqqında qarşı tərəfi məlumatlandırıb. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, Azərbaycan və İordaniyanın Nəqliyyat nazirlikləri arasında avtomobil nəqliyyatı sahəsində birgə komissiyanın protokolu imzalanıb.

Görüşlərdə Azərbaycan tərəfindən Nəqliyyat Nazirliyinin məsul əməkdaşları R.Məmmədov, Q.Adıgözəlov və ölkəmizin İordaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Görüşdə həmçinin komissiyanın növbəti iclasının Bakıda keçirilməsi barədə Azərbaycan tərəfinin təklifi qarşı tərəfə təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR