Almaniya bankının nümayəndə heyəti “Azərsu”da görüş keçirib - FOTO

Almaniya bankının nümayəndə heyəti “Azərsu”da görüş keçirib - <font color=red>FOTO</font>
# 22 iyun 2012 15:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda su təchizatı sahəsində həyata keçirilən layihələr və bu layihələrdə xarici qurumların iştirakı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Azərbaycanda səfərdə olan Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Q.Hüseynov Azərbaycanda həyata keçirilən investisiya proqramlarında Almaniya bankının yaxından iştirakını yüksək qiymətləndirərək, “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirib və bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri xanım Ursula Heister “Azərsu” ASC tərəfindən aparılan su təchizatı və kanalizasiya layihələrinin icrası, abonent bazasının təkmilləşdirilməsi, ön ödəmə sisteminin tətbiqi istiqamətində görülən işləri və yeni texnologiyaların tətbiqini yüksək qiymətləndirib. Tender prosedurlarının beynəlxalq standartlara uyğun keçirildiyini deyən missiya rəhbəri tezliklə Gəncə şəhərində su və kanalizasiya şəbəkələrinin inşasına başlanacağını bildirib: “Layihənin digər mərhələlərinin maliyyələşdirilməsi ilə bağlı yeni kredit müqaviləsi hazırlanır və sənəd Azərbaycan Hökumətinə təqdim ediləcək”.

Qeyd edək ki, Almaniyanın KfW Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə və Şəki şəhərlərində aparılan tikinti işlərinə nəzarət və layihənin gələcək mərhələlərinin müzakirəsi məqsədilə Almaniyanın KfW Bankının nümayəndə heyəti 15-22 iyun 2012-ci il tarixlərdə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə tanış olub, Göygöl-Gəncə magistral su xəttinin inşası, Qızılqaya su mənbəyinin bərpası və su anbarlarının tikintisi üzrə aparılan işlərə və Şəki şəhərində inşası başa çatdırılmış suqəbuledici qurğular kompleksinə baxış keçirilib. Səfər çərçivəsində bankın mütəxəssisləri çirkab sutəmizləyici qurğular üzrə norma və standartlarla bağlı müzakirələrdə, eləcə də smart-kart tipli sayğaclarla bağlı təqdimatda iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR