Yaponiyanın Azərbaycandakı səfiri Zaqatalada olub

Yaponiyanın Azərbaycandakı səfiri Zaqatalada olub
# 23 iyun 2012 16:44 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Yaponiyanın Azərbaycandakı səfiri Şesuke Vatanabe Zaqatala rayonunda səfərdə olub. Zaqatala rayon İcra Hakimiyyətindən (İH) APA-nın yerli bürosuna verilən məlumata görə, Yaponiyanın Azərbaycandakı səfirinin Zaqatalaya səfər etməsində məqsəd rayonda Yaponiya hökumətinin «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində həyata keçirilən «Zaqatala rayonunun Dardoqqaz və Mosul kəndlərində içməli su təchizatının yaxşılaşdırılması» layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak etmək olub.

Tədbirdə səfir Ş.Vatanabe ilə birlikdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Dardoqqaz və Mosul kənd sakinləri iştirak ediblər. Bu layihə üzrə 2012-ci ilin fevralında Yaponiya səfirliyi ilə Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi arasında qrant müqaviləsi imzalanıb. Layihənin ümumi dəyəri 100 621 dollar təşkil edir. Yaponiya hökumətinin «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində indiyədək Zaqatalada icra olunan layihələrin ümumi məbləği 375 640 dollar olub.

Qeyd edək ki, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Zaqatala rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq artıq 5 il davam edir. Qrant Proqramı çərçivəsində indiyədək rayonda 3 layihə - Göyəm kənd məktəbi üçün 10 sinif otağından ibarət əlavə korpusun, Faldarlı kəndində tibb məntəqəsinin, Aşağı Tala kəndi ərazisində isə məişət tullantılarının idarə olunması poliqonunun tikintisi həyata keçirilib.

Ümumilikdə Azərbaycan üzrə isə Proqram çərçivəsində 11,812 mln. dollar dəyərində 154 layihə icra olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR