Azərbaycan və Qətər İKT sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Qətər İKT sahəsində əməkdaşlığı genişləndirir
# 25 iyun 2012 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi xanım Hessa əl-Cabirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub.

«APA-Economics»in məlumatına görə, görüşdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər ərzində iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib və qeyd edib ki, İKT sahəsində Azərbaycanla Qətər arasında əməkdaşlığın inkişaf etdirilməsi bu əlaqələri bir qədər də genişləndirəcək.

Azərbaycan və Qətər arasında İKT sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunaraq qeyd olunub ki, iki ölkə genişzolaqlı şəbəkənin yaradılması, kosmik sənaye və xarici bazarlarda birgə iştirak sahələrində əməkdaşlıq edə bilər.

«Hər iki ölkə yaxın zamanlarda orbitə öz peyklərini çıxaracaq və hesab edirəm ki, bundan sonra Azərbaycan və Qətər arasında bu sahədə əməkdaşlıq vacibdir», - deyə Ə.Abbasov bildirib.

Nazir həmçinin qeyd edib ki, iki ölkənin İKT sahəsində fəaliyyət göstərən şirkətləri Afrika və Asiya regionlarında yeni yaranmış bazarlarda birgə iştirak edə bilər: «Yeni yaranmış xarici bazarlarda birgə iştirak etmək üçün hər iki ölkənin investisiya imkanları mövcuddur».

Öz növbəsində H.əl-Cabir bildirib ki, Qətər Azərbaycanla İKT sahəsində əməkdaşlıqda maraqlıdır və iki ölkə bu sahədə birgə layihələr həyata keçirilə bilər. Bu layihələr Azərbaycan və Qətər arasında mövcud əlaqələrin genişlənməsinə səbəb olacaq: «Qarşılıqlı danışıqlardan sonra əməkdaşlığın hansı sahədə olacağı dəqiq müəyyənləşdiriləcək».

Qeyd edək ki, Qətər nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında İKT sahəsi üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR