İran Şimal-Cənub layihəsinin reallaşmasını ləngidir

İran Şimal-Cənub layihəsinin reallaşmasını ləngidir
# 28 iyun 2012 15:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İran tərəfinin lazımi fəallıq göstərməməsi regionun ən böyük və mühüm nəqliyyat dəhlizlərindən biri olacaq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ləngidir.

Bakıda səfərdə olan Rusiya Federasiyasının nəqliyyat naziri Valeri Okulov “APA-Economics”ə bildirib ki, layihənin dəmiryolu hissəsinin reallaşdırılması ilə bağlı Rusiya və Azərbaycan tərəfindən bütün təşkilati məsələlər həll edilsə də, İran tərəfi bu işlərdə lazımi fəallıq göstərmir: “Rusiya və Azərbaycanda üçtərəfli birgə müəssisənin yaradılması üçün hüquq müəyyənedici sənədlər qəbul edilib, layihənin qiymətləndirməsini həyata keçirəcək və texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq məsləhətçi seçilib. Amma son vaxtlar, təqribən son 6 ay ərzində biz görürük ki, bizim iranlı həmkarlarımızın fəallığı ciddi surətdə azalıb. Bu vəziyyət isə layihənin həyata keçirilməsi müddətləri ilə bağlı qeyri-müəyyənlik yaradır”.

Azərbaycan tərəfi bildirib ki, dəmiryolunun Azərbaycan hissəsinin tikintisi 2 il müddətinə başa çatdırıla bilər. V.Okulovun fikrincə, bu müddət sərfəli olmaqla yanaşı, həm də realdır: «Amma bunun üçün tikintiyə başlamaq lazımdır. Tikintinin başlanması üçün isə İranlı həmkarlarımızla məsələləri həll etməliyik».

V.Okulov İran tərəfinin bu davranışının səbəblərini şərh etmək istəməyib, amma istisna etməyib ki, bu, siyasi səbəblərlə bağlı ola bilər: «Ola bilsin, burda hansısa siyasi aspektlər var. Bu ehtimallar bu gün keçirilən dəyirmi masada da qeyd edildi. Siyasi məsələlərə qarışmaq istəməzdim, amma dəqiq deyə bilərəm ki, texniki cəhətdən layihə realdır və həm Azərbaycan, həm də Rusiya tərəfdən ona böyük tələbat var».

Şimal-Cənub layihəsi ilə bağlı işlərin İran tərəfindən ləngidildiyini «Azərbaycan Dəmir Yolları» QSC-nin sədrinin müavini Qurban Nəzirov da təsdiqləyib. Onun sözlərinə görə, dəmiryolunun tikintisi ilə bağlı üçtərəfli müqavilə bağlanandan sonra Rusiya və Azərbaycan birgə müəssisənin yaradılması ilə bağlı hazırlığı başa çatdırsalar da, İran tərəfdə bu iş başa çatmayıb: «Onlar həm layihə, həm də birgə müəssisənin yaradılması ilə bağlı qəti bir qərara gələ bilməyiblər. Əslində İran tərəfi dəmiryolunu İran hissəsinin layihəsini təqdim etməli idi, amma hələ o da təqdim edilməyib».

Q.Nəzirov deyib ki, baş verənlərin səbəblərini araşdırmaq istəyəndə İran tərəfi qeyri-müəyyən cavablar verir: «Biz soruşuruq, onlar deyir ki, qərar verərik, baxıb deyərik, konkret cavab yoxdur». Sədr müavini bildirib ki, artıq bu vəziyyət, yəni İranın qəti qərar verməməsi layihənin reallaşdırılmasına mane olmağa başlayıb. O, yaranmış vəziyyətin siyasi səbəblərlə bağlı olmasını istisna etməyib: «Ola bilsin ki, bu, hazırda İrandakı vəziyyətlə bağlıdır, amma İran dəfələrlə bu layihənin reallaşmasında maraqlı olduğunu bildirib».

Qeyd edək ki, məsələnin həlli ilə bağlı Rusiya, Azərbaycan və İran arasında bu ilin birinci rübündə üçtərəfli danışıqlar planlaşdırılsa da, İran tərəfinin gəlməməsi üzündən danışıqlar baş tutmayıb: «İran tərəfi görüşün vaxtını dəyişdi, amma hələ konkret tarix bildirməyib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR