Astaraçay üzərində avtomobil körpüsünün tikintisi bu il bitəcək 

Şahin Mustafayev

© APA | Şahin Mustafayev

# 25 yanvar 2022 14:59 (UTC +04:00)

Astaraçay üzərindən avtomobil yolu körpüsünün tikintisinin bu il başa çatdırılması planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməli qoyulacaq ki, onun tikintisi sürətlə aparılsın və bu ilin sonunadək bitsin.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Ş. Mustafayevin sözlərinə görə, Azərbaycanla İran arasında iqtisadi əlaqələr inkişaf edir və pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi 30%-dək artıb. Hesabat dövründə Azərbaycanla İran sərhədindən 1,3 milyona yaxın yük avtomobili hərəkət edib, bu da ilik müqayisədə 62,5% çoxdur.

Baş nazirin müavini qeyd edib ki, yükdaşımaların artması Şimal-Cənub nəqliyyat dəhlizinin töhfəsidir.

Ş. Mustafayev Azərbaycan, İran və Türkmənistan arasında əldə olunan qaz sazişinin vacibliyinə də toxunub: "Bu saziş artıq yerinə yetirilir və Türkmənistan qaz İran infrastrukturu vasitəsi ilə Azərbaycana çatdırılır. Layihə bölgədə iqtisadi əlaqələrin möhkəmlənməsi nöqtəsi nəzərindən çox vacibdir".

Baş nazirinin müavini onu da əlavə edib ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında Təbrizin traktor zavodunun filialının yaradılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR