Bakı - APA. Paraqvay Parlamentinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri cənab Xuan Ramirezin təşəbbüsü ilə “Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünün qeyd olunması barədə” adlı bəyanat qəbul edilib.
Azərbaycanın Argentinadakı səfirliyindən APA-ya verilən məlumata görə, X. Ramirez sözügedən bəyanat layihəsi təşəbbüsü ilə çıxış edərək, bəşəriyyət üçün önəm kəsb edən və Qafqazın bir hissəsi olan Azərbaycan xalqının yaratdığı 25 illik respublikanın siyasi-iqtisadi müstəqilliyə malik olduğunu, əksər əhalinin müsəlman olmasına baxmayaraq, ölkədə etiqad azadlığının mövcudluğunu, Azərbaycanın islam dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb. O, Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyünü deputatların diqqətinə çatdırıb.
X. Ramirez və Dostluq Qrupunun digər iki üzvü - Viktor Oskar Qonzales Drakefort və Celso Maldonado tərəfindən imzalanmış olan bəyanat layihəsi yekdilliklə qəbul olunub.
Bəyanatda Azərbaycan Respublikasının beynəlxalq aləmdə önəmli yer qazandığı, tanınmış, yüksək səviyyəli beynəlxalq tədbirlərdə - zirvə toplantıları, forumlar, sərgilər, yarışlarda fəal iştirak etdiyi, müstəqil Azərbaycanın enerji sektorunun inkişafında mühüm nailiyyətlər əldə etdiyi, post-neft dövrünün başlanması ilə ölkə iqtisadiyyatının bütün sahələrində bir sıra islahatlar həyata keçirdiyi, neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyü, təhsil sisteminin yaxşılaşdırıldığı qeyd olunur.