Prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

Prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi ilə görüşüb
# 05 mart 2016 11:45 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycana ötən səfərlərini və həmin səfərlər çərçivəsində prezident İlham Əliyev ilə görüşlərini xatırladan T. Rifai həmin görüşlər zamanı müzakirə olunan bir çox məsələlər, o cümlədən vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib.

Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə Dünya Turizm Təşkilatının baş katibinə minnətdarlığını bildirən prezident İlham Əliyev onun verdiyi məsləhətlərin önəmini vurğulayıb. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan dövlət başçısı bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını nəzərə çatdırıb. Eyni zamanda dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini və görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR