İŞİD tərkibində döyüşən şəxs: "Spirtli içki tələb etmək üçün mağazaya girdik"

İŞİD tərkibində döyüşən şəxs: "Spirtli içki tələb etmək üçün  mağazaya girdik"
# 21 noyabr 2016 14:06 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən - Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.

Prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunan ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Təqsirləndirilən İbad Muxtarov soyğunçuluq ittihamı üzrə ifadəsində deyib ki, spirtli içki əldə etmək üçün Qobustan qəsəbəsində mağazaya giriblər: "Başqa məqsədimiz yox idi. Ovdan gəlirdik, tüfəng üstümdəydi. Uşaqlar yeyib-içirdi, soruşdum ki, spirtli içki var? Dedilər ki, yox. Pulumuz da yox idi. Bu məqsədlə, ərzaq dükanına girdik, spirtli içki tələb etdik. 3-4 şüşə içki götürüb, getdik. Hətta satıcı bizə pul təklif etsə də, pulu götürmədik".

Proses noyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu və Mahmudov Nizami saxlanılıblar.

Müəyyən edilib ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Nizami Mahmudov 2012-2015-ci illər ərzində qeyri-qanuni yolla Suriya Ərəb Respublikası və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində fəaliyyət göstərən İŞİD və digər terror təşkilatlarının, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində təlimlər keçib, hərbi əməliyyatlarda iştirak ediblər.

İbad Muxtarov və Nizami Mahmudova qarşı eyni zamanda soyğunçuluq maddəsi ilə ittiham irəli sürülüb.

Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR