“AzerGold”un dəstəyi ilə alpinist İsrafil Aşurlı və qazi Polad Rzayev Elbrus zirvəsini fəth ediblər - FOTO

“AzerGold”un dəstəyi ilə alpinist İsrafil Aşurlı və qazi Polad Rzayev Elbrus zirvəsini fəth ediblər - FOTO
# 30 avqust 2023 09:34 (UTC +04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə tanınmış azərbaycanlı alpinist İsrafil Aşurlı və Vətən müharibəsi iştirakçısı, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə hər iki ayağını itirmiş Polad Rzayev Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 m) yürüş ediblər.

APA-Economics” xəbər verir ki, çətin dağ şəraitində hündürlüyü fəth edən İsrafil Aşurlı və Polad Rzayev zirvədə Azərbaycan Respublikasının dövlət bayrağı və “AzerGold” QSC-nin korporativ bayrağını dalğalandırıblar.

Qeyd edək ki, “AzerGold” QSC Azərbaycan Alpinizm Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda idmanın alpinizm növünün inkişafı, populyarlığının artırılmasına öz dəstəyini göstərir. Belə ki, daha əvvəl, cari ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “AzerGold” QSC və onun törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin bir qrup əməkdaşının Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində Ulu Öndərin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə uğurlu yürüşü təşkil edilmişdi.

Sosial məsuliyyət fəaliyyətinə xüsusi diqqət yetirən “AzerGold” QSC ölkəmizdə alpinizmlə yanaşı, voleybol, atçılıq kimi idman növlərinin inkişafına dəstək göstərməkdədir. Həmçinin QSC hasilat və istehsalat fəaliyyəti göstərdiyi Daşkəsən rayonunda müxtəlif komanda idman növləri, o cümlədən minifutbol, voleybol və basketbol üçün müvafiq infrastrukturun yaradılması, bu idman növlərinin yeniyetmə və gənclər arasında kütləviliyinin artırılması istiqamətində uğurlu layihələr həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR