Prezident: "İpoteka kreditləşməsində iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz"

Prezident: "İpoteka kreditləşməsində iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz"
# 14 iyul 2015 02:32 (UTC +04:00)

Bakı-APA. “Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl nəticələrlə başa vuraq”. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı inflyasiyanın cəmi 3,5 faiz təşkil etdiyini xatırladaraq, birrəqəmli inflyasiyanın hər bir ölkə üçün gözəl göstərici olduğunu vurğulayıb: “Son illər ərzində bizdə inflyasiya çox aşağı səviyyədədir. Bu səviyyə əlbəttə ki, normal iqtisadi inkişafı təmin edir və insanların rifah halını yaxşılaşdırır”.

Dövlət investisiya proqramının çox konkret xarakter daşıdığını bildirən ölkə başçısı investisiya proqramının ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitə olduğunu qeyd edib: “İlin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir”.

“Bu yaxınlarda müxtəlif bölgələrdə kənd yollarının tikintisi ilə əlaqədar müvafiq sərəncamlar imzalanmışdır və yeni sərəncamlar da imzalanacaq. Kənd yollarının tikintisi üçün həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılmalıdır ki, ilin sonuna qədər bu proses sürətlə davam etsin”, deyə prezident qeyd edib.

Qazlaşdırma məsələsinə toxunan dövlət başçısı bu prosesin davam etdirilməsinin vacibliyini qeyd edib: “Demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Hesab edirəm ki, bu işlər daha da sürətlə aparılmalıdır. Qazlaşdırma Azərbaycanda çox yüksək səviyyədədir. Amma çalışmalıyıq ki, bu sahəni mümkün qədər daha da genişləndirək. Çünki buna böyük tələbat var”.

Prezident İlham Əliyev həmçinin bölgələrdə bütün elektrik təsərrüfatının Bakının səviyyəsinə qalxmalı olduğunu vurğulayıb: “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin qarşısında vəzifə qoyulub ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır”.

İçməli su-kanalizasiya layihələrinin bir çox rayonlarda artıq başa çatdığını qeyd edən dövlət başçısı, hələ ki, görüləsi işlərin çox olduğunu bildirib: “Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır”.

Əhalinin içməli su ilə təminatı məsələsinə toxunan prezident İlham Əliyev qeyd edib ki, Bakıda içməli su ilə dayanıqlı, yəni, fasiləsiz təminat əhalinin 78 faizini əhatə edir: “Bu göstərici bizi heç cür qane edə bilməz. Bakı kimi gözəl, müasir şəhərdə 100 faiz təminat olmalıdır, 24 saat içməli su olmalıdır. Bu, çox ağır məsələdir, çünki burada həm böyük investisiyalar olmalıdır, həm də texniki məsələlər kifayət qədər mürəkkəbdir. Əlbəttə, investisiyalar ayrılır, texniki məsələlər də öz həllini tapır və çalışmalıyıq ki, biz Bakını içməli su ilə tam şəkildə təmin edək. Bütün bölgələr üzrə hər bir rayon üçün xüsusi layihə var. Dediyim kimi, bir çox rayonlarda başa çatıb, bəzi yerlərdə davam edir, yaxud da ki, hazırlıq işləri aparılır.

Bu il kəndlərdə 300 quyu qazılmalıdır. Onlardan 170-i artıq qazılıbdır və bu proqram artıq 630 min insanı əhatə edir. Beləliklə, “Azərsu” ilə bərabər, ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması üçün edirik və etməliyik”.

Suvarma ilə bağlı layihələrə toxunan ölkə başçısı artıq onların böyük hissəsinin başa çatdığını bildirib: “Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək.

Xızı rayonunda artıq kanallar tikilir. Taxtakörpüdən qidalanan torpaq sahələri müəyyən edilib və minlərlə hektar torpaq sahəsi bu il artıq suvarılacaq və oradan biz yaxşı məhsul gözləyirik. Beləliklə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmli addımlar atılmış olur.

Bu il Tovuzçay su anbarının tikintisi başa çatıb. Bu da çox önəmli layihədir. İyirmi min hektar torpaqda suvarma yaxşılaşdırılacaq və 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır”.

“Biz öz potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə özümüz təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasını müzakirə edərək bu barədə xüsusi danışırıq. Bununla bərabər, biz ixrac bazarlarına çıxışı da əldə edirik. Çünki dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün ilk növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Digər tərəfdən, o bazarlarda bizim logistik imkanlarımız olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyəm, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar. Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi əsas problem ola bilər. Biz buna hazır olmalıyıq”, deyə dövlət başçısı xəbərdar edib.

Sənayeləşmə prosesinin də uğurla getdiyini bildirən prezident qeyri-neft sənayenin 14 faiz artdığını qeyd edib: “Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi”.

“İş yerlərinin yaradılması daimi proses olmalıdır. Çünki bəzi başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhali artır. Bu da, əlbəttə ki, insanların yaşayış səviyyəsinin artması ilə bağlıdır. Belə olan halda iş yerləri daim diqqət mərkəzində olmalıdır. Bizdə hər il əhali orta hesabla təxminən 100 min nəfər artır. Yəni, bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Biz bunu nəzərə almalıyıq. Burada əlbəttə ki, düşünülmüş strategiya olmalıdır, bilirəm, müvafiq qurumlar, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər qurumlar bu strategiyanı işləyiblər. Bu, daim diqqət mərkəzində olacaq”, deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı qeyd edib ki, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır: “Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb”.

“Digər sosial məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”, deyə prezident vurğulayıb.

Bakıda ekoloji vəziyyətinin yaxşılaşdığını bildirən prezident İlham Əliyev son mühüm nailiyyətin Böyükşor gölü ilə bağlı olduğunu qeyd edib: “Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində yuxarıdan çəkiliş aparılarkən biz Böyükşor gölünün mənzərəsini də görürdük. Görürdük ki, bu, indi şəffaf, gözəl bir göldür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi. İkinci Dünya müharibəsi zamanı ondan açıq neft rezervuarı kimi istifadə edirdilər. Ondan sonra kanalizasiya, lay suları, bütün zir-zibil bu gölə tökülürdü və onun yanında dayanmaq mümkün deyildi. Artıq Böyükşor gölünün bir hissəsi təmizlənib, gözəl bulvar salınıb, göz oxşayır. Bu, göstərir ki, hər şeyi etmək mümkündür. Gərək, sadəcə, niyyət və istək olsun.

Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsi davam etməlidir. Bu il və gələn il bu məqsədlər üçün vəsait ayrılmalıdır. Beləliklə, şəhərdə gözəl göl yaranacaq. Bilirsiniz ki, biz təmizləmə işləri aparmaq üçün bu gölü bəndlə ikiyə böldük. Eyni zamanda, bu bənd gələcəkdə yola çevriləcək və əlavə bir yol arteriyası kimi fəaliyyət göstərəcək.

Zığ gölünün təmizlənməsi prosesi də bu il başlamalıdır. Bu məqsədlər üçün də büdcədən vəsait tapın və biz bunu da yubatmayaq”.

Dövlət başçısı Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axınının daha da artacağına əmin olduğunu bildirib: “Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər.

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlisilahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, sən müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fövqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlisilahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar - budur bizim dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliyə gedirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR