Əli Əsədov: Gürcüstanla əməkdaşlığın gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi var

Əli Əsədov: Gürcüstanla əməkdaşlığın gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi var
# 26 oktyabr 2023 12:10 (UTC +04:00)

“Şübhəsiz ki, Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı qeyd etdiyim beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm halqasıdır”.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda limanın yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır.

“Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Eyni zamanda, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək.

Biz nəqliyyat sahəsində gördüyümüz işləri həm Gürcüstanla, həm region üzrə digər tərəfdaşlarımızla əlaqələndirilmiş şəkildə aparırıq.

Təqdirəlayiq haldır ki, Gürcüstan da bu istiqamətdə mühüm işlər görür - dəmir yolları müasirləşdirilir, limanlar inşa edilir və genişləndirilir, yol infrastrukturu inkişaf etdirilir”, - Baş nazir vurğulayıb.

Əli Əsədov qeyd edib ki, həmçinin, Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi durur: “Biz bu istiqamətdə də işbirliyinə hazırıq.

Limanlarla yanaşı, yüklərin daşınmasını təmin etmək üçün mülki yük donanmasının mövcudluğu da mühüm əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Xəzər dənizində ən böyük donanmaya sahibdir.

Bakı Gəmiqayırma zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi və təmiri üçün sifarişləri uğurla yerinə yetirir. Yeni çağırışlar fonunda biz zavodun imkanlarının artırılması və mülki donanmanın genişləndirilməsi üzərində fəal işləyirik.

Bütün bunlar ölkələrimizin qitələrarası daşımalarda mühüm tranzit halqaları kimi rolunu daha da artırır. Bununla yanaşı regionda yaranmış yeni reallıqlar bölgədə çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxması üçün yaxşı şərait yaradır və bütün region ölkələrinə iqtisadi və ticari dividendlər gətirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR