Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı il dövlət büdcəsi və icmal büdcəyə dəyişiklik edilməsinə iki amil səbəb olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, ilk növbədə dünya bazarında neftin 4 dəfədən çox ucuzlaşması 2016-cı ilin dövlət və icmal büdcənin gəlirlərinin yenidən hesablanmasını zəruri edib. Nazir əlavə edib ki, ötən il manatın əhəmiyyətli dərəcədə ucuzlaşması da dövlət büdcəsi və icmal büdcəyə yenidən baxılmasını şərtləndirib: “Devalvasiya səbəbindən xarici valyutada büdcə xərclərinin yeni məzənnə ilə ödənilməsi üçün maliyyə vəsaiti nəzərdə tutulmamışdı. Bu, dövlət və icmal büdcənin yenidən qiymətləndirilməsini və əlavə mənbələrin axtarılmasını zəruri edib”.
Nazir bildirib ki, 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256, mln. manat və ya 15,5% çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur.
Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 barreli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.
2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək.
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 10 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 408 mln. manat və ya 6,2% çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 mln. manat və ya 1,5% azdır. Proqnozlaşdırılan daxilolmaların 23%-i və ya 1610 mln. manatı neft sektorunun, 77%-i və ya 5400 mln. manatı qeyri-neft sektorunun payına düşür.
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 1 mlrd. 810 mln. manatı və ya 10,7%-i Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 220 mln. manat və ya 13,8% çoxdur.
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 615 mln. manatı və ya 45,3%-i ARDNF-dən transfertin payına düşəcək.
Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 mln. azalması hesabınadır.
İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 mlrd. 610,2 mln. manat artırılaraq 24 mlrd. 566,6 mln. manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək.
Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.