“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib

“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib
# 19 fevral 2016 08:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Prezident Kitabxanasında AMEA A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, son iki yüz il ərzində Azərbaycan xalqı dəfələrlə deportasiyalara, soyqırımlarına və repressiyalara məruz qoyulub.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, 1918-ci il soyqırımları tarixinin araşdırılması institutun prioritet tədqiqat istiqamətlərindən biridir: "Tarix İnstitutunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Son illərdə İnstitutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları özündə əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətiriblər. Həmin sənədlər əvvəlcə toplular şəklində çap olunub, sonra isə elmi-tədqiqat dövriyyəsinə cəlb edilərək ayrı-ayrı regionlar üzrə əsərlər yazılmış və nəşr edilib".

Y. Mahmudov bildirib ki, təqdimatı keçirilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir:

"Əsərin yazılmasında arxiv materialları ilə yanaşı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan foto-sənədlərdən də istifadə edilib".

Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətindən söz açıb, soyqırım anlayışının hüquqi-siyasi məzmunundan, müvafiq konvensiyalardan, Azərbaycan xalqına qarşı ayrı-ayrı tarixi dövrlərdə həyata keçirilmiş soyqırımı cinayətlərindən, terror aktlarından, Dağlıq Qarabağdakı terrorçu-separatçı cinayətkarların antiazərbaycan fəaliyyətindən bəhs edib, bu istiqamətdə bir sıra faktları xronoloji ardıcıllıqla təqdimat iştirakçılarının diqqətinə çatdırıb.

X. Vəliyev bu istiqamətdə Tarix İnstitutu ilə birgə layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR