DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edib
# 18 fevral 2016 10:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün qurumun Sumqayıt şəhər şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, DSMF sədrinin qəbuluna gələn Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarında nəzərə alınması kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, dövlət qulluqçusu kimi pensiya təyin olunması, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin staja daxil edilməsi və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə fondun sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının və Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə E. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR