SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkündür

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkündür
# 22 avqust 2022 15:06 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

RİNN-dən “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin ən böyük elektron sənəd dövriyyəsinə sahib olan “Etik İmza” şirkətinin Azərbaycan nümayəndəliyi olan və “Etik İmza Baku” adı altında fəaliyyətə başlayan qurumun ilk tərəfdaşı SİMA yeni nəsil rəqəmsal imza oldu.

Məlumata görə, əməkdaşlıq nəticəsində Azərbaycan vətəndaşları istənilən sənədi “Etik İmza Baku” saytına yükləyib SİMA ilə imzalayacaqlar. Bundan sonra həmin sənədi müvafiq qurumlara göndərə və ya istənilən şəxslə paylaşa bilərlər.

Sənədləri SİMA ilə “Etik İmza Baku” bulud platformasında zamandan və məkandan asılı olmayaraq imzalamaqla vaxtınıza və xərclərinizə qənaət edəcəksiniz.

Xatırladaq ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. SİMA yeni nəsil rəqəmsal imza da gücləndirilmiş imza olduğu üçün əl imzasına bərabər tutulur.

SİMA vasitəsilə, həmçinin başqa sahələr üzrə elektron xidmətlərdən istifadə etmək mümkündür. Bunlara rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR