Dəniz Duran: “Azərbaycan son üç ildə Ermənistana 10 nəfər və iki meyit qaytarıb” - MÜSAHİBƏ

Dəniz Duran: “Azərbaycan son üç ildə Ermənistana 10 nəfər və iki meyit qaytarıb” - <span style="color: red;">MÜSAHİBƏ
# 25 fevral 2016 10:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Dəniz Duran səlahiyyət müddətinin başa çatması ilə əlaqədar APA-ya müsahibə verib.

- Dəniz xanım, BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsində 3 il fəaliyyət göstərdiniz. Artıq səlahiyyət müddətiniz başa çatır. Bu müddət ərzində BQXK-nın fəaliyyətini necə qiymətləndirirsiniz? Son 3 ildə nümayəndəlik Azərbaycanda hansı işləri görüb?

- Bu üç il ərzində diqqətimizi iki əsas fəaliyyətimiz üzərində cəmləşdirməyə davam etmişik: cəbhə xəttinə yaxın icmalarda yaşayan mülki əhali, itkin düşmüş şəxslər və onların ailələri. İşçi heyətimiz cəbhə xəttinə yaxın icmalara hər həftə səfər edərək atəşlərə daha çox məruz qalan və aztəminatlı bəzi kəndlərə iqtisadi dəstək göstərirlər. Bundan əlavə, evləri hərbi mövqelərə çox yaxın olan ailələrə evlərinin cəbhə xəttinə çıxan qapı və pəncərələrini kərpiclə hörməkdə və istiqamətini dəyişməkdə kömək edirik. Bəzi hallarda isə evlərinin bir hissəsinin qarşısında kiçik mühafizə divarı tikirik ki, atışmalar başlayanda həmin ailələrin evlərində ən azı bir təhlükəsiz otaq olsun. Onların atışma zamanı ata biləcəyi ən təhlükəli addım evdən qaçmaqdır. BQXK-nın dəstəyi ilə evlərinin qapı və pəncərələrinin istiqamətini dəyişdirməklə, onlar atışma sona çatana kimi təhlükəsiz otaqda gizlənib gözləyə bilərlər.

Bu il BQXK itkin düşmüş şəxslərin bioloji qohumlarından bioloji nümunələr toplamağa başlayıb.

BQXK-ya əvvəllər səfər edə bilmədiyi bəzi kəndlərə getmək icazəsi 2014-cü ildə verilib. Hökumətin bizə göstərdiyi bu etimadı yüksək qiymətləndirdik və daha çox ehtiyacı olan insanlara proqramlarımızı təklif edə bildik. 2014-cü ildən gərginliyin artdığını və bunun cəbhə xəttinə yaxın yaşayan insanlara təsirini görə bilirik. Mülki şəxs atışma və ya mina insidenti nəticəsində yaralanarsa, BQXK-nın nümayəndələri ona baş çəkir və öz köməyini təklif edir. Bu kömək bəzi hallarda maliyyə yardımı, bəzi hallarda isə onlara kömək edə biləcək xidmət təminatçıları ilə vəziyyətlərinin müzakirə edilməsi formasında olur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri də münaqişənin birbaşa təsirinə məruz qalmış qurbanların vəziyyətini yaxından izləyir. Təəssüflər olsun ki, AzQAC və BQXK son üç il ərzində yardımın bu forması ilə çox məşğul olub. 2014-cü ildən bəri vəziyyətin gərginləşdiyinin və bunun yaxınlıqdakı kəndlərə göstərdiyi təsirinin şahidi olmuşuq.

İtkin düşmüş şəxslərin probleminə gəldikdə isə, bu sahədəki işimizi itkinlərin ailələri, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə davam etdirmişik. Bildiyiniz kimi, bir çox insan müharibə nəticəsində öz əzizini itirib, bu insanlar çox qəribə vəziyyətlə üzləşirlər, onlar ailə üzvünün hələ də sağ olduğuna inanmaq istəyirlər, lakin təəssüf ki, bu qədər müddətdən sonra onların əzizi çox güman ki, həyatda deyil, lakin ailələrə bu ölüm barəsində rəsmi məlumat verilməyib. Beləliklə, bütün ailə, xüsusilə də analar və həyat yoldaşları əzizlərinin başına nə gəldiyini dəqiq bilməyərək qeyri-müəyyən vəziyyətdə yaşayırlar. Bu vəziyyət psixoloji cəhətdən çox ağırdır. BQXK həmin ailələrə onlarla eyni kədəri bölüşən insanlarla görüşməkdə kömək edir və üzləşdikləri bəzi gündəlik problemlərin həll edilməsi üçün onları müşayiət edir. BQXK itkin düşmüş qohumu olan ailələrin vəziyyətini həqiqətən də anlaya biləcək və onların keçirdiyi hisslərə şərik olacaq şəxsləri, xüsusilə ana və həyat yoldaşlarını seçir. Biz bu qadınlara müşayiətçi olmaları və hər bir ailənin vəziyyətindən və ehtiyaclarından asılı olaraq lazım olan müxtəlif yardımı göstərmələri üçün təlim keçirik.

Biz bir şeyi anlamalıyıq ki, ailələrin bəziləri heç vaxt suallarına cavab tapmayacaq və itkin düşmüş şəxslərin bəzisi tapılmayacaq. Kədərli reallıq budur ki, onların çoxu, bəlkə də əksəriyyəti həyatda deyil, onların ölüm şəraiti naməlum qalacaq və meyitləri heç vaxt tapılmayacaq.

Bu il BQXK itkin düşmüş şəxslərin bioloji qohumlarından bioloji nümunələr toplamağa başlayıb. Bu nümunələr Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalında saxlanılır ki, bir gün eksqumasiya edilə biləcək insan qalıqlarını DNT nümunələrinin müqayisəsi vasitəsilə identifikasiya etmək və ailələrinə qaytarmaq mümkün olsun. Bunun nəticəsində, bəzi ailələr bir gün əzizlərinin taleyini öyrənə və həqiqi yas prosesinə başlaya biləcəklər. Bütün bioloji nümunələrin toplanılması illər tələb edəcək. Təxminən 3700 azərbaycanlı itkin düşüb və identifikasiyanın aparılması üçün hər bir itkinin 3-6 bioloji ailə üzvündən nümunə götürülməlidir. Bu, BQXK və Dövlət Komissiyasının birlikdə həyata keçirdiyi nəhəng bir işdir.

Biz bir şeyi də anlamalıyıq ki, ailələrin bəziləri heç vaxt suallarına cavab tapmayacaq və itkin düşmüş şəxslərin bəzisi tapılmayacaq. Kədərli reallıq budur ki, onların çoxu, bəlkə də əksəriyyəti həyatda deyil, onların ölüm şəraiti naməlum qalacaq və meyitləri heç vaxt tapılmayacaq. BQXK əvvəllər də bir çox müharibələrdə bunun şahidi olub. Bu səbəbdən də ailələrin keçirdiklərini anlamaq, bunun öhdəsindən gəlməkdə onlara kömək etmək və onların itkisini tanımaq olduqca vacibdir.

Ümumilikdə, Azərbaycanda çox iş görməyə davam edə bilmişik, çünki bu münaqişə hələ də həll olunmayıb və insanlar onun dəhşətli nəticələrindən hələ də əziyyət çəkir. Bu qədər iş görməyə müvəffəq ola bilməyimizin səbəblərindən biri də hökumətin bizə fəaliyyət göstərməyə və ölkədəki humanitar missiyamızı həyata keçirməyə icazə verməsidir.

Biz, həmçinin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyində saxlanılan şəxslərə baş çəkirik, 2015-ci ildə isə hökumətlə “Həbs yerlərinə baş çəkmək hüququnu nəzərdə tutan” Sazişi yeniləmişik. Bu isə bizə həm saxlayan orqanlara, həm də məhbus və onların ailələrinə göstərdiyimiz bu xidməti davam etdirmək imkanı verir.

- Sizin rəhbərliyiniz dövründə Azərbaycan və Ermənistan tərəfindən neçə əsir qaytarılıb?

- BQXK 2013-cü ilin yanvar ayından Azərbaycandan Ermənistana 12 nəfərin repatriasiyasına şərait yaradıb. Bunlardan ikisi insan meyiti olub. Bundan əlavə, təmas xəttində təhvilvermə əməliyyatları həyata keçirilib. Azərbaycan tərəfi 2 nəfəri qaytarıb, 2 nəfəri isə qəbul edib.

- Hazırda Azərbaycan və Ermənistan tərəfində neçə şəxs saxlanılır?

- Hazırda Dağlıq Qarabağda iki azərbaycanlı saxlanılır, Azərbaycan tərəfi isə bir erməni hərbi əsiri saxlayır. Bəzən daha çox insanın saxlanıldığı barəsində şayələr və ya bəyanatlər olur, bəzən isə onların gizlədildiyi iddia edilir. BQXK hər iki tərəfdən insanların gizlədildiyi barədə iddiaları tez-tez eşidir. Bu cür iddiaları eşitdikdə, həmişə konkret məlumat verilməsini istəyirik. Bu halda bizə verilən məlumat belə olur: “Kimsə dedi ki, kimisə tanıyır…” Beləliklə, heç vaxt bu iddiaların doğru olduğu barəsində göstərici olmayıb.

Bəzən daha çox insanın saxlanıldığı barəsində şayələr və ya bəyanatlər olur, bəzən isə onların gizlədildiyi iddia edilir.

BQXK bu cür bəyanatların ailələri necə incitdiyini öz gözləri ilə görür. Belə ki, bu cür bəyanatlar ailələri əzizinin bəlkə də hardasa sağ olduğu və əziyyət çəkdiyi barəsində düşünməyə vadar edir. Təəssüf ki, itkinlərin çoxunun həyatda olmadığı hesab edilməlidir, bu cür bəyanatlar isə ailələr üçün çox ağrıdıcıdır. BQXK-ya hər hansı tutarlı məlumat verilsə, biz bu məsələni diqqətlə nəzərdən keçirəcəyik. Lakin indiyiə kimi heç kim güclü iddialar verməyib.

- Hazırda sizin siyahınızda itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyatdadır?

- Ailələrin itkin düşmüş qohumları barəsində məlumat əldə etmək üçün müraciət etdiyi zaman BQXK-nın Bakı, Yerevan və Dağlıq Qarabağdakı ofisləri itkin düşmüş şəxsləri qeydiyyata alır. BQXK bütün tərəflərdən təxminən 4500 itkin düşmüş şəxsi qeydiyyata alıb. Təxminən 3700 nəfər Bakı Nümayəndəliyi, Yerevan Nümayəndəliyi və Dağlıq Qarabağ Missiyası tərəfindən isə 400 nəfərə yaxın şəxs qeydiyyata alınıb.

- BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyət göstərdiyi illər ərzində neçə şəxsin əsirlikdən azad olunmasına yardım edib?

- Müharibənin ilk illərində vəziyyət qarışıq idi, çox sayda insan tutulub, sonra geri qaytarılırdı. BQXK-nın həmin dövr üçün dəqiq statistikası olmadığından, dəqiq rəqəmlər deyə bilmərik. Lakin təxmini hesablamalarımıza görə 700-dən çox insan BQXK-nın köməkliyi ilə evinə qayıdıb.

Təxmini hesablamalarımıza görə 700-dən çox insan BQXK-nın köməkliyi ilə evinə qayıdıb.

Müharibənin ilk illərində bir çox insan saxlanılıb, daha sonra dəyişdirilib və geri qaytarılıb, bəzən bunlar hətta ayrı-ayrı insanlarla danışıqlar aparan ailələr tərəfindən həyata keçirilirdi. Belə proseslərin çoxu BQXK-nın iştirakı olmadan baş verib. “Girov” sözündən belə bir qarışıq vaxtda istifadə olunmağa başlanıb. Halbuki Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar insanların tutulması və saxlanılmasını münaqişə tərəfləri həyata keçirir və bu məqamlar Cenevrə Konvensiyaları ilə tənzimlənir. Bu insanları “girov” yox, internə edilmiş mülki şəxslər və ya hərbi əsirlər (əgər hərbiçidirlərsə) adlandırmaq daha düzgündür. Girov sözündən hələ də istifadə edildiyini görürük, lakin Cenevrə Konvensiyalarında olan terminlərdən istifadə etmək daha düzgündür.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmaları ilə bağlı hansı işlər görülür?

- Onların qaytarılması ilə bağlı BQXK-dan çox şey gözlənilsə də, unutmamalıyıq ki, BQXK saxlanılan şəxslərin qaytarılması ilə bağlı heç bir qərar vermir. Belə ki, bu qərar saxlayan tərəfdən asılıdır. BQXK-nın bütün təşkilatlar kimi öz fəaliyyyət çərçivəsi var və Cenevrə Konvensiyalarına qoşulmuş dövlətlərin bizə həvalə etdiyi bu çərçivə əsasında işləyirik. Qeyd etmək lazımdır ki, Cenevrə Konvensiyalarını demək olar ki, bütün dövlətlər imzalayıb və ratifikasiya edib. Bizim üçün fəaliyyət çərçivəsi saxlanma şəraitini və rəftarı nəzərdən keçirmək və onların ailələri ilə əlaqə saxlamasına imkan yaratmaqdır. Biz isə bu işimizi həyata keçiririk və ehtiyac olana qədər də həyata keçirməyə davam edəcəyik.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” vasitəsi ilə əlaqə yaratmaları üçün tərəflərə müraciət olunubmu? Bu istiqamətdə hansı işlər görülür?

- İnformasiya vasitələrində Skype zəngləri barəsindəki bəyanatlari görmüşük. BQXK mandat və ya fəaliyyət çərçivəsinə əsasən saxlanılan şəxslə ailəsi arasında əlaqələri bərpa edir və davamlı olmasına çalışır. Ailə əlaqələrini, ailələr və məhbuslar arasındakı məktublar mübadiləsi vasitəsilə qururuq (Qızıl Xaç məktubları). Qızıl Xaç məktublarından savayı digər əlaqə vasitələri saxlayan tərəflə müzakirə edilməlidir, biz isə münaqişə tərəfləri ilə apardığımız ikitərəfli konfidensial müzakirələrimizi açıqlamırıq.

- Suriya hadisələri başlayandan çoxlu sayda Azərbaycan vətəndaşının orada döyüşlərdə iştirak etdiyinə dair məlumatlar var. Həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi barədə sizə hər hansı müraciət edən olubmu? Ümumiyyətlə, həmin insanların taleyi ilə maraqlanırsınızmı?

- BQXK Suriyadakı Azərbaycan vətəndaşları ilə bağlı axtarış sorğusu açmayıb. Bu o deməkdir ki, bir ailədən başqa, heç kəs bizə müraciət etməyib. Bizə yalnız 2014-cü ildə bir ailə müraciət edib, lakin işin davam etdirilməsi üçün ailədə çox az məlumat var idi.

BQXK Suriyadakı Azərbaycan vətəndaşları ilə bağlı axtarış sorğusu açmayıb.

Oradakı vəziyyət həm təhlükəsizlik, həm də ərazilərə giriş baxımından dəyişkən olaraq qalır. Bu isə tam miqyaslı axtarış fəaliyyətlərini həyata keçirməyi olduqca çətinləşdirir. Beləliklə, ailələrin əlində əzizləri barəsində əhəmiyyətli və yeni məlumat olmasa, axtarış cəhdlərinin uğurla sona çatmasının imkanı azdır.

- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbəri dəyişdirilib. Bildiyimizə görə, səlahiyyət müddətinizin başa çatması ilə əlaqədar Dövlət Komissiyasının yeni rəhbəri Mədət Quliyevlə də görüşübsüz. Onunla hansı məsələləri müzakirə etdiniz?

- Bizim Dövlət Komissiyasının hazırkı başçısı Mədət Quliyevlə əvvəllər də əməkdaşlığımız olub. Bildiyiniz kimi, Mədət Quliyev əvvəllər Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi idi. O, həmin vəzifədə olanda bizim onunla uzunmüddətli və konstruktiv əməkdaşlığımız olub. Yeni təyinatından sonra onunla görüşdük, təbrik etdik. Mədət Quliyevlə yeni vəzifəsində də konstruktiv əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

- Azərbaycanı nə vaxt tərk edirsiniz?

- Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə yeni təyin olunmuş rəhbər Elena Aymone Sessera artıq Bakıdadır. Hazırda təhvil-təslim prosesi gedir. Azərbaycanı martın 4-də tərk edəcəyəm.

FOTO- Şahin Sərdarov © APA HOLDİNG

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR