“Bakcell” vahid intuitiv interfeys istifadəyə verib

“Bakcell” vahid intuitiv interfeys istifadəyə verib
# 12 sentyabr 2014 11:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Bakcell” şirkəti yeni “Bakcell INQUTU” mobil xidmətini istifadəyə verir. “Bakcell INQUTU” abunəçiyə bütün onlayn ünsiyyət kanallarını, həmçinin təqvim və müxtəlif mənbələrdən olan əlaqələrini bir yerdə saxlamağa imkan verən vahid intuitiv interfeysdir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Digital Innovation Technology Systems” şirkəti ilə birlikdə işlənib hazırlanan bu xidmət sayəsində “Bakcell” abunəçiləri istənilən vaxt, istənilən yerdə və istənilən mobil cihazda elektron məktub və sosial şəbəkələrin imkanlarından istifadə edərək dostları və yaxınları ilə daha rahat ünsiyyət yarada bilərlər.

“Bakcell” abunəçiləri sentyabrın 12-dən etibarən bu xidmətdən istifadə edə bilərlər.

“Bakcell INQUTU” elektron məktubların göndərilməsi və qəbul edilməsinə, “Facebook”, “Twitter” və “LinkedIn” kimi sosial şəbəkələrdən istifadə olunmasına, müxtəlif fayllarla işləməyə, yeni əlaqələr yaratmaq və onları sinxronlaşdırmağa, təqvimdəki hadisələri “Google” xidmətləri vasitəsilə sinxronlaşdırmağa və digər əməliyyatları həyata keçirməyə imkan verir.

Bundan əlavə, “Bakcell INQUTU” istifadəçini daxil olan məktublar, eyni zamanda sosial şəbəkələrdə və təqvimdə baş verənlərlə bağlı pulsuz SMS vasitəsilə məlumatlandırır.

“Şirkətimiz öz abunəçilərinə təqdim etdiyi mobil xidmətlərin inkişafı və genişləndirilməsi istiqamətində daim çalışır. Bunun üçün biz mütəmadi olaraq ünsiyyəti daha asan edən yeni xidmətlər istifadəyə veririk. Abunəçilərə təqdim etdiyimiz yeni ”Bakcell INQUTU” xidməti ünsiyyətin yalnız bir interfeys üzərindən idarə olunmasını mümkün edən xüsusiləşdirilmiş bir alətdir”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

“Bakcell INQUTU” xidmətindən istifadə etmək üçün «F» hərfi yazıb 6 655 qısa nömrəsinə göndərmək lazımdır. Bundan sonra abunəçi SMS vasitəsilə şifrə alacaq və xidmətdən istifadə etmək imkanı qazanacaq.

Xidmətlə tanışlıq üçün ilk 30 gün müddətində “Bakcell” abunəçiləri ondan pulsuz yararlana biləcəklər. Sınaq müddəti bitdikdən sonra isə abunə haqqı gündəlik 0,06 AZN təşkil edəcək.

“Bakcell INQUTU” internet brauzeri olan istənilən mobil cihazda işləyir və bunun üçün əlavə proqram təminatı yükləməyə ehtiyac yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR