“Rabitəçi” sağlamlıq düşərgəsində “Bilik günü” keçirilib

“Rabitəçi” sağlamlıq düşərgəsində “Bilik günü” keçirilib
# 15 sentyabr 2014 13:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Goradil qəsəbəsində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşan şuşalı qaçqınların birinci sinfə qədəm qoyan şagirdləri üçün “Bilik günü” keçirilib.

APA-Economics”in RYTN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, düşərgədə fəaliyyət göstərən Şuşa rayon 9 saylı məktəbdə təşkil olunan tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Teleradio” İB-nin rəhbərliyi, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəbin ötən tədris ilində əldə etdiyi nailiyyətlərdən danışan Qədim Abdullayev bildirib ki, sözügedən təhsil ocağında ildən-ilə şagirdlərin sayı artır. Hazırda 22 fidanın birinci sinfə qədəm qoyduğunu vurğulayan direktorun sözlərinə görə, ötən il rəhbərlik etdiyi məktəb olimpiadalarda yüksək səviyyədə iştirak edib: “Bizim şagirdlər respublika olimpiadalarında uğurlu nəticələr göstərərək mükafatçıların sıralarına düşüblər. Məzunlarımız ölkənin ən məşhur universitetlərinə daxil olublar. Uğurlarımız hər il artır”.

Məktəbdə təhsil alanların hər zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən diqqətdə saxlanıldığını vurğulayan direktor bu il də siniflərin nazirlik tərəfindən təmir olunduğunu qeyd edib: “Nazirliyin dəstəyi ilə məktəbin elektrik xətt sistemi dəyişdirilib. Sinif otaqları hərtərəfli təmir olunub. Lazımi ləvazimatlarla təmin edilib. Bir sözlə, təhsil üçün bütün lazımi imkanlar yaradılıb”.

Daha sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Bilik günü” münasibəti ilə şagirdləri və müəllimləri təbrik edib. “Bu gün 22 şagird həyatında ilk addımlarını atır. Onlar məhz məktəbdə gələcək həyatlarını quracaqlar. Yüksək təhsil almaqla özlərinin yaşamını formalaşdıracaqlar”, – deyən nazir müavini Azərbaycanın günü-gündən gücləndiyini, ölkədə yeni-yeni məktəblər tikildiyini və bir çoxlarının da təmir edildiyini əlavə edib.

Gələn il 9 saylı məktəb üçün də yeni binanın tikilib istifadəyə veriləcəyini vurğulayan E.Vəlizadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində işğal altındakı torpaqlarımıza qayıdılacaq gün yaxınlaşıb:

“Şuşada da gözəl təhsil ocaqlarının ucaldılacağına əminəm. Bir xalqın, dövlətin gələcəyi üçün onun övladlarının yüksək təhsil alması olduqca önəmlidir. Bu gün birinci sinfə qədəm qoyanlar sabahın mühəndisi, rabitəçisi, müəllimi, həkimi və sairidir. Ona görə də onların bir mütəxəssis kimi yetişməsi üçün dövlət lazım olan bütün addımları atır”.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən göndərilən məktəb ləvazimatları ilə təchiz edilmiş çantalar birincilərə təqdim olunub. Eyni zamanda bu il ali məktəblərə daxil olan tələbələrə RYTN adından mobil telefon hədiyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR