Bakı - APA-Economics. Qazaxıstanın «Air Astana» aviaşirkəti mayın 25-dən etibarən Astana-Bakı-Astana marşrutu üzrə əlavə aviareyslər açacaq.
Şirkətdən «APA-Economics»ə verilən xəbərə görə, bununla da Qazaxıstan və Azərbaycan paytaxtları arasında uçuşlar həftənin bazar ertəsi, cümə axşamı və şənbə günləri «Embraer 190» avialayneri vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, Astana-Bakı marşrutu üzrə ilk aviareys 2012-ci il mayın 21-də yerinə yetirilib. Ötən müddət ərzində bu marşrutla 15 min sərnişin daşınıb.
«Air Astana» aviaşirkətinin Azərbaycandakı regional meneceri Yerbolat Baysalıkov bildirib ki, sözügedən istiqamətdə uçuşlarla bağlı sərnişinlərin tələbatını və rahatlığını nəzərə alaraq şirkət Astana-Bakı marşrutu üzrə aviareyslərin sayını artırmaq qərarına gəlib: «Ümid edirik ki, bu addım Qazaxıstan və Azərbaycan paytaxtları arasında işgüzar, mədəni və diplomatik əlaqələrin inkişafına təkan verəcək».
Bakıdan Astanaya ekonom siniflə uçmaq sərnişinlərə 220 manata, biznes siniflə uçmaq 530 manata başa gələcək. Hər iki tərəfə uçuşun qiyməti isə müvafiq olaraq 400 manat və 1040 manat olacaq.
Sərnişinlərin rahatlığı üçün Astana hava limanında Qazaxıstanın şəhərlərinə, eləcə də Əbu-Dabi, Pekin, Urumçi, Yekaterinburq, Novosibirsk, Omsk və digər beynəlxalq istiqamətlər üzrə uçuşların əlverişli vaxtları müəyyənləşdirilib.
Bakıdan Astanaya uçuş müddəti 2 saat 50 dəqiqədir. Biletləri «Air Astana» aviaşirkətinin Azərbaycan nümayəndəliyindən (+994 12) 497-49-96 telefonla, www.airastana.com saytına daxil olmaqla və ya bronlaşdırma və informasiya mərkəzinin +7 (727) 2444477 saylı telefonuna zəng edərək sifariş etmək, eləcə də «Air Astana»nın Qazaxıstan ofislərindən əldə etmək mümkündür.