«AzQtel» şirkətinin prezidenti Sinqapurda keçirilən beynəlxalq İKT konfransında iştirak edir

«AzQtel» şirkətinin prezidenti Sinqapurda keçirilən beynəlxalq İKT konfransında iştirak edir
# 19 sentyabr 2013 14:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sinqapurda keçirilən Asiya regionun ən böyük 4G konfransında Asiya və Sakit okean bölgəsi ölkələrinin 80-dən çox aparıcı İKT şirkətindən 1000-ə yaxın nümayəndəsi iştirak edir. «APA-Economics»in məlumatına görə, konfransına dəvət olunanlar arasında Azərbaycanın «AzQtel» şirkətinin prezidenti Ceyhun Mollazadə keçirilən dəyirmi masada məruzə ilə çıxış edib.

C.Mollazadənin Azərbaycanın nailiyyətlərindən bəhs edən çıxışı asiyalı iş adamlarının və mütəxəssislərin diqqətini cəlb edib. C.Mollazadə dünyada neft resursları ilə zəngin bir ölkə kimi tanınan Azərbaycanda uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərindən bərpa və dinamik inkişaf dövrü başlandığını qeyd edib. O həmçinin qeyd edib ki, keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, İKT sektorları inkişaf edib. C.Mollazadə çıxışını ölkədə qeyri-neft sektorunda prioritet sahə elan olunduqdan sonra İKT-nin inkişaf ilə bağlı faktlarla davam etdirib.

Ölkədə 2004-cü ildən başlayaraq yüksək sürətlə inkişaf etməyə başlayan internet sektorunda hazırda fiber-optik və simsiz genişzolaqlı internet xidmətlərinin geniş yayılmasına diqqət yetirildiyini bildirən C. Mollazadə internet xidmətlərinin regionlara və xüsusilə də kommersiya baxımından cəlbedici xarakter daşımayan bölgələrə yayılması məqsədilə Azərbaycan hökumətinin böyük vəsaitlər ayırmaq qərarını yüksək qiymətləndirib.

C.Mollazadə çıxışını yaxın illər ərzində ölkəmizdə internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesinin təhsil, tibb və digər sahələrdə geniş yayılacağını vurğulayaraq tamamlayıb.

Sinqapur konfransında regionun aparıcı dövlətləri və 65 İKT şirkətinin təcrübələri dinlənilərək gələcək strategiya müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR