AZAL-ın təyyarələrində «Nar Mobile» xidmətləri göstərilməyə başlanıb

AZAL-ın təyyarələrində «Nar Mobile» xidmətləri göstərilməyə başlanıb
# 07 mart 2013 14:07 (UTC +04:00)

Kiyev. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL), «Azerfon» («Nar Mobile» ticarət nişanı) və «OnAir» şirkətləri arasında təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqinə dair imzalanmış müştərək müqaviləyə əsasən, artıq AZAL-ın təyyarələrində mobil rabitə və internetdən istifadə etmək mümkündür.


«APA-Economics»in məlumatına görə, «NarMobile» şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət vasitələri şöbəsinin rəhbəri xanım Nigar Arpadarai qeyd edib ki, avialaynerin qalxma və enmə prosesi istisna olmaqla, AZAL-ın təyyarələrində uçuş zamanı «NarMobile»ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkündür: «Hazırda aviaşirkətin 5 təyyarəsi müvafiq avadanlıqla təchiz olunub. Yaxın bir həftə ərzində sayca 6-cı təyyarə «OnAir»in avadanlığı ilə təchiz olunacaq, yay aylarında bu cür təyyarələrin sayı 9-a, gələn ilin ortalarınadək isə 14-ə çatdırılacaq».


N.Arpadarai onu da əlavə edib ki, ümumiyyətlə gələcəkdə AZAL-ın bütün təyyarələrinə sözügedən avadanlıq quraşdırılacaq. «Sərnişinlər uçuş zamanı təyyarədə mobil telefondan istifadə edə bilər. Bura danışıq, internet, SMS və digər xidmətlər daxildir», - deyə N.Arpadarai vurğulayıb.

«OnAir» şirkətinin Şimali və Qərbi Avropa üzrə satış və biznes inkişafı Departamentinin rəhbəri Daniel Froli (Daniel Froehly) bildirib ki, «OnAir» dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir və hazırda 15 aviaşirkətlə analoji formada əməkdaşlıq edirik. Bura «Aeroflot», «Emirates», «Etihad Airways», «Qatar Airways», «Singapore Airlines» kimi şirkətlər daxildir.


D.Froli əlavə edib ki, aparılan araşdırmalara görə, «OnAir» şəbəkəsində sərnişinlərin 47%-i təyyarədə uçarkən SMS xidmətindən, 42%-i internetdən, 11%-i isə danışıqdan istifadə edir.


AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli isə bildirib ki, AZAL yeni xidmətin tətbiqindən sonra MDB ölkələri arasında ilk dəfə olaraq səmada rabitə xidmətlərinin tam çeşidini göstərməklə digər bir yeniliyə imza atıb: «Gələcəkdə AZAL-ın bütün təyyarələrində, o cümlədən aviaşirkət alınması planlaşdırdığı yeni təyyarələrdə də «Nar Mobile»ın xidmətlərindən istifadə etmək mümkün olacaq».


Qeyd edək ki, sözügedən xidmətlərdən təyyarə 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkündür. Sərnişinlər təyyarənin göyərtəsində «Azerfon» şəbəkəsinə qoşulmaqla mobil telefon və ya smartfondan yerdə olduğu kimi istifadə edir. Minibaza stansiyası siqnalı qəbul edir, siqnal göyərtədə olan GSM server tərəfindən işlənir, daha sonra isə peyk vasitəsi ilə ötürülür. Yer səthindəki «OnAir» GSM infrastrukturu siqnalı işləyir və sərnişinin trafikini təyinatı üzrə yönəldir.


Tariflərə gəldikdə, təyyarənin göyərtəsində «Nar Mobile»ın xidmətlərindən istifadə etmək üçün abunəçi hər daxil olan və gedən zəngin 1 dəqiqəsi üçün 2 manat, ötürülən SMS üçün 0,50 manat (daxil olan SMS-lər pulsuzdur), 1 MB internet üçün isə 9 manat ödəyir.


Xatırladaq ki, bu gün «Nar Mobile» və AZAL-ın tərəfindən bir qrup KİV nümayəndəsi sözügedən xidmətdən istifadə etmək üçün Bakı-Kiyev-Bakı aviareysi ilə təşkil olunan uçuşda iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR