Azərbaycan prezidenti: “Bakının mərkəzində üç yüz hektar təmiz göl vətəndaşların sərəncamına veriləcək”

Azərbaycan prezidenti: “Bakının mərkəzində üç yüz hektar təmiz göl vətəndaşların sərəncamına veriləcək”
# 11 iyul 2014 09:43 (UTC +04:00)

Onlardan ən böyüyü, ən çirklənmişi Böyükşor gölüdür və biz məhz bu göldən başlamışıq. Bu gölü biz tədricən təmizləyəcəyik. Hələ ki, iki yerə bölmüşük, ola bilsin, üç yerə böləcəyik. Eyni zamanda yol salınacaq. Artıq bənd tikilir. Bu, həm şəhər nəqliyyatı üçün faydalı olacaq, eyni zamanda bu gölü hissə-hissə təmizləmək daha da asandır”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlət başçısı əlavə edib ki, gələn ilin yayına qədər birinci hissə artıq istifadəyə veriləcək. Prezident İlham Əliyev əlavə edib ki, üç yüz hektar təmiz göl şəhərin mərkəzində vətəndaşların sərəncamına veriləcək: “Gölün ətrafında yaşıllıq, gəzinti zolaqları, bulvar, yəni, şəhər üçün böyük bir park və göl yaradılacaq. Bu da həm ekoloji cəhətdən, həm insanların istirahəti üçün çox böyük əhəmiyyət daşıyan məsələdir”.

Prezident İlham Əliyev qeyd edib ki, bununla paralel olaraq Zığ gölünün təmizlənməsi də nəzərdə tutulur: “Biz yəqin ki, yaxın aylarda bu gölün təmizlənməsinə də başlamalıyıq. Biz hələ ki, iki göldən başlayıb, növbəti illərdə bütün gölləri təmizləyəcəyik. O göllərə illər ərzində çirkab sular, lay, neft, kanalizasiya suları axıdılırdı. Bu göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir. Amma biz bu gölləri təmizləyib, gözəl ekoloji layihəyə çevirəcəyik və bu, şəhərin ekologiyasına çox müsbət təsir göstərəcək”.

“Avro” standartından aşağı səviyyədə olan avtomobillərin artıq Azərbaycana idxal edilmədiyini xatırladan prezident İlham Əliyev əlavə edib ki, neftayırma zavodunda yenidənqurma işləri nəzərdə tutulur: “Artıq layihə təqdim edilibdir. Mən hələ ki, bu barədə geniş danışmaq istəmirəm. Bəlkə də biz bunu ayrıca müzakirə edəcəyik. Ancaq bizim zavodumuzda ən azı “Avro-5” benzinin istehsalı nəzərdə tutulur və vaxt qoymuşam ki, biz bu məsələni üç il ərzində həll etməliyik”.

Bibiheybət buxtasının əvvəlki görüntülərinin ürəkaçan olmadığını deyən dövlət başçısı bildirib ki, burda böyük işlər görülüb: “İndi orada ağaclar əkilib, park salınıb. O, böyük bir fəlakət zonası idi. Ceyms Bond haqqında filmi orada çəkmişdilər. Təqribən on il bundan əvvəl böyük bir fəlakət zonası kimi çəkmişdilər. Bibiheybətin o filmdəki və indiki vəziyyətinə baxmaq olar. İndi biz orada incəsənət, idman şəhərcikləri salırıq. Avropa Oyunlarına hazırlıq məqsədilə orada böyük Su İdmanı Sarayı və açıq meydançalar tikilir. Böyük hovuzlar, istirahət zonaları, idman meydançaları olacaq. Oyunlardan sonra isə onlardan vətəndaşlar da istifadə edəcəklər”.

Ekologiya məsələlərinin həllinə daim diqqət göstərildiyini xatırladan prezident İlham Əliyev qeyd edib ki, altı ayda həm Bakıda, həm bölgələrdə iki milyondan çox ağac əkilib. Dövlət başçısı vurğulayıb ki, bu, daimi proses olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR