Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi 2015-ci ildə bitəcək - FOTO

Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi 2015-ci ildə bitəcək - <span style="color: red;">FOTO
# 21 iyul 2014 12:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisi başa çatdırıldıqdan sonra sözügedən yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, ümumi uzunluğu 42 km nəzərdə tutulan Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri başa çatdırılıb. Yolun 16,5-22 km və 28-37 km hissələrində işlər davam etdirilir.

Yolun 16,5-22 km hissəsində 4 körpüdən 3-ü tikilib. Hazırda ərazidə müxtəlif qazma və tökmə torpaq yatağının tikintisi işləri gedir. Yolun 28-37 km hissəsində 3 körpü, 1 mal-qara keçidi nəzərdə tutulub. Artıq 2 körpü, 1 heyvan keçidində son tamamlanma işləri ilə yanaşı, optimal tərkibli çınqıl layın tikintisi davam etdirilir. Yaxın günlərdə üçqat asfalt-beton örtüyünün döşənməsinə başlanacaq.

Bundan əlavə, hər iki sahədə tikinti altına düşən maneələrin qiymətləndirilməsi və relyefə uyğun olaraq düzbucaqlı suötürücülərin quraşdırılması işləri həyata keçirilir. Layihənin sözügedən hissələrində işlərin 2015-ci ildə tamamlanması planlaşdırılır.

Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR