Bakı. Vüsal Nəbiyev - APA-Economics. Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən küçənin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir.
Artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. 2 qat olmaqla ümumilikdə küçənin 12 845 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.
Ağasadıq Gəraybəyli küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri isə artıq yekunlaşdırılıb. Yol boyu zəruri olan yerlərdə təqribən 980 paqon-metr yeni səki daşı düzülüb. Bundan başqa təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
Analoji işlər Səttar Bəhlulzadə küçəsində də aparılır. Təmir-tikinti işləri küçənin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissəsində aparılır. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə artıq 500 paqon metr köhnə səki daşları yeniləri ilə əvəzlənib.
Küçə yeni asfalt beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Burda ümumilikdə 6000 kvadrat metr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.