BMT Azərbaycanın gömrük sisteminin təcrübəsindən faydalanacaq

BMT Azərbaycanın gömrük sisteminin təcrübəsindən faydalanacaq
# 09 iyul 2014 13:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin (UNODC) nümayəndələri ilə Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətinin missiyası BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisi ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı mərhələsinin qiymətləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair aidiyyatı dövlət qurumları ilə fikir mübadiləsinin aparılmasıdır.

Komitə sədrinin müavini Əsgər Abdullayev UNODC icraçı direktorunun kabinet rəhbəri Roberto Arbitrionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ə. Abdullayev DGK və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsi arasında qurulacaq əməkdaşlıq imkanlarından bəhs edib. O, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, silah və sursatın, digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsinə, habelə qaçaqmalçılığa, terrorçuluğa, insan alverinə və çirkli pulların yuyulmasına qarşı mübarizə fəaliyyətini həyata keçirən orqanların əməkdaşlarının peşəkar hazırlığının artırılması məqsədilə beynəlxalq və milli səviyyədə təlimlərin, təcrübə mübadiləsinin və qabaqcıl təcrübə ilə tanışlıq məqsədi ilə qarşılıqlı səfərlərin, müasir müşahidə, nəzarət, axtarış, müayinə, proqram və rabitə vasitələri şəklində texniki yardımların təşkilinin vacib olduğunu vurğulayıb. Bundan əlavə, Ə. Abdullayev bu sahədə Azərbaycan gömrük orqanları əməkdaşlarının iştirak etdiyi layihə və proqramlardan, əldə olunan nailiyyətlərdən bəhs edib.

Görüşdə o da bildirilib ki, təlimlərin keçirilməsi prosesində DGK həm məkan, həm də bəzi sahələr üzrə mütəxəssis baxımından ümumi işə öz töhfəsini verə bilər.

R. Arbitrio qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən bəhs edib, Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etdiyi və artıq BMT-nin proqramlarına donorluq edəcək səviyyəyə gəldiyini vurğulayıb. O təmsil etdiyi qurumla yanaşı, region ölkələrinin də Azərbaycan gömrüyünün bəzi sahələrdə əldə etdiyi yüksək təcrübədən faydalanmasının vacib olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR