Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofisləri şimal bölgəsində vətəndaşlara xidmət göstərəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofisləri şimal bölgəsində vətəndaşlara xidmət göstərəcək
# 08 iyul 2014 08:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətləri əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, hərəkət çətinliyi səbəbindən ərazi qeydiyyat idarələrinə gələ bilməyən vətəndaşlara çatdırır.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iyul ayı ərzində komitənin mobil ofisləri vasitəsilə Şamaxı, Ağsu, Qobustan, Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Şabran və Abşeron rayonlarından olan vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək. Bu xidmətlərdən qeyd olunan şəhər və rayon sakinləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə zəng etməklə faydalana bilərlər.

Yerlərdə mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunmasıdır.

Mobil ofislərdə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş xüsusi nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir. Eyni zamanda, komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsi, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilir.

Qeyd edək ki, daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax, Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan və Goranboy rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 2 700-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR