Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurum “EuroGeographics”in üzvü seçilib

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurum “EuroGeographics”in üzvü seçilib
# 27 iyun 2013 09:29 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tabeliyində olan qurum - Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi nüfuzlu beynəlxalq təşkilatlardan olan “EuroGeographics”in iyunun 11-12-də Belçikanın Luven şəhərində keçirilən Baş Assambleyasında təşkilata üzv qəbul edilib.

ƏMDK-dan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda Böyük Britaniyanın Ülyahəzrət Əmlak Qeydiyyatı Təşkilatı və Gürcüstanın Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi təşkilata həqiqi üzv seçilib.

Hazırda Assosiasiya 46 ölkədən olan xəritəçəkmə, kadastr və əmlak qeydiyyatı sahəsində ixtisaslaşmış 59 milli qurumu təmsil edir. “EuroGeographics” qeyri-kommersiya təşkilatı olub, Avropa milli xəritəçəkmə, əmlak qeydiyyatı və kadastr üzrə səlahiyyətli üzvlük assosiasiyasıdır. Bu təşkilat özündə Portuqaliyadan Ukraynaya və İslandiyadan Türkiyəyə qədər olan 46 ölkənin 59 üzv qurumunu birləşdirir.

“EuroGeographics”in üzvləri hər il coğrafi informasiyanın inkişafına təxminən 1,5 mlrd. avro vəsait ayırmaqla dürüst milli məlumat bazalarının yaradılması, idarə edilməsi, istismarı və əlçatan edilməsi üçün ən müasir texnologiyalardan istifadə edirlər. Onlar birlikdə topoqrafik və əmlak informasiyası da daxil olmaqla milli məlumat bazalarının birləşdirilməsi və geniş diapazonlu müxtəlif istifadəçilərə çatdırılması məqsədi ilə bütün Avropa ölkələrinin yerləşmə strukturu üçün dəqiq infrastruktur yaradırlar.

“EuroGeographics” təşkilatının məqsədi qabaqcıl təcrübənin təşviqi, standart məlumat spesifikasiyalarının və taktikasının yaradılması yolu ilə üzvlərin fərdi coğrafi məlumat bazalarının uyğun olmasını və onların bir-biri ilə qarşılıqlı təmasını təmin etməkdir. Bu, ətraf mühit, biznes rəqabəti, dövlət xidmətləri, qanunvericilik sistemi, təhlükəsizlik və digər sahələr üçün ehtiyac duyulan siyasətlərin və qanunvericiliyin yaradılması məqsədilə Avropanı yüksəkkeyfiyyətli coğrafi informasiya ilə təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR