Ərdoğan: "BTQ ilə ilk qatarın yola salınması ilə Londondan Çinə qədər birbaşa dəmiryolu əlaqəsi yaradılır"

Ərdoğan: "BTQ ilə ilk qatarın yola salınması ilə Londondan Çinə qədər birbaşa dəmiryolu əlaqəsi yaradılır"
# 30 oktyabr 2017 09:06 (UTC +04:00)

"Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu xəttində ilk qatar yola düşür. Bununla artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmiryolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq".

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, hazırda Cənub dəhlizində və Şimal dəhlizində dəniz də daxil olmaqla, Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yükdaşıma müddəti təxminən 45-62 gündür: "Eyni yük BTQ-nin istifadəyə başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Aİ ölkələrinə çatacaq. Başqa sözlə Çin tərəfindən Aİ-na göndərilən yüklər BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq".

Türkiyə prezidenti bildirib ki, hazırda Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur: "Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10%-i daşınsa, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab olunacaq.

BTQ-nın hətta sadəcə bu səbəblərlə Orta Dəhliz Nəqliyyat Xəttini tarixi İpək Yolunun mühüm əhəmiyyətli xəttinə çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla yanaşı, regionumuzda paralel olaraq üzərində işlənilən nəqliyyat layihələrinin bir-birini tamamlayıcı və gücləndirici xarakterdə olmasına inanırıq.

İqtisadi üstünlükləri ilə yanaşı siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə yanaşı məlumat axını ilə də ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR