Göygöl-Gəncə magistral su kəmərinin açılışı olub

Göygöl-Gəncə magistral su kəmərinin açılışı olub
# 15 sentyabr 2014 06:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycan Respublikası Hökumətinin Almaniya İnkişaf Bankı (KFW) və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su kəmərinin açılışı olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində Baş nazirin müavini Abid Şərifov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Almaniya Federativ Respublikası Parlamentinin İqtisadiyyat və energetika komissiyasının sədri Peter Ramsauer, İqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, Almaniya KWF Bankının ölkə direktoru David Betolaza, bankın nümayəndələri, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov iştirak ediblər.

Açılış mərasimində çıxış edən Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərindən danışıb, dövlət başçısının tapşırıqlarına uyğun olaraq 38 şəhər və rayon mərkəzlərində su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu işin icrası üçün beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq yüksək səmərə verib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Göygöl-Gəncə magistral su kəmərinin istifadəyə verilməsini Gəncənin həyatında əlamətdar hadisə adlandırıb. O, qeyd edib ki, uzun illər su problemi ilə üzləşən şəhər əhalisinin arzusu artıq həll olunub. İcra başçısı Göygöl-Gəncə magistral su kəmərindən Gəncəyə saniyədə 200 litr su daxil olacaq. Yaxın zamanlarda istifadəyə veriləcək Qızılqaya istiqamətindən saniyədə 250 lit, Şəmkir dəryaçasından isə saniyədə 1 141 litr suyun Gəncəyə daxil olması üçün tədbirlər görülür.

“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov deyib ki, Gəncə şəhərində tikinti-quraşdırma işlərinə 2011-ci ilin sentyabr ayında başlanılıb. Birinci mərhələdə su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi nəzərdə tutulub. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi qərara alınmışdı. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək 3 mənbə - Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilib. Bu gün istifadəyə verilən su xətti məhz həmin layihənin birinci mərhələsidir. Qızılqaya mənbəyində bərpa işləri uğurla davam etdirilir. Burada 2000 kubmetrlik su anbarı tikilib, 9,5 kilometr anbarlararası su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd su anbarının tikintisi davam etdirilir. Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə paralel olaraq Gəncə şəhərinin daxilində də içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılıb. Layihəyə əsasən, şəhərdə 576 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılır. Artıq içməli su xəttinin 42 kilometrlik hissəsi tikilərək 644 ünvana birləşdirilib. Eyni zamanda, 119 binada 7000 abunəçi smart-kart tipli sayğaclarla təmin edilib. Şəhərin müxtəlif küçə və məhəllələrində 67 ədəd yanğın hidrantı quraşdırılıb. Şəhərdə tikintisi nəzərdə tutulan 582 kilometr uzunluğunda kanalizasiya xəttinin 43 kilometrlik hissəsində işlər yekunlaşdırılıb. Ümumiyyətlə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər bu layihədən faydalanacaqdır.

Almaniya Bundestaqının iqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl çıxış edərək Azərbaycan və Almaniya hökumətlərinin birgə əməkdaşlığının verdiyi bəhrələrdən danışıb, bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR