Hesablama Palatası “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində uyğunsuzluqlar aşkarlayıb

Hesablama Palatası “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində uyğunsuzluqlar aşkarlayıb
# 26 sentyabr 2014 14:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində uyğunsuzluqlar aşkarlayıb.

APA-nın məlumatına görə, Hesablama Palatası tərəfindən 2007-2012-ci illərdə “Azəristiliktəchizat” ASC dövlət büdcəsindən əsaslı təmirə, zərərin ödənilməsinə və əsaslı vəsait qoyuluşuna ayrılan vəsaitlərin istifadəsi üzrə aparılan nəzarət tədbirləri sosial və digər təşkilatların balanslarında olan qazanxanaların bərpa olunmasına dövlət əsaslı vəsait qoyuluşundan vəsaitin sərf edilməsi, sərf edilən vəsait hesabına yaranan yeni əsas fondların cəmiyyətin balansına qəbul edilməsi ilə amortizasiya xərclərinin artdığı, dövlət büdcəsindən istehsalat obyektlərinin əsaslı təmirinə ayrılmış vəsaitdən cəmiyyətin balansında olmayan və gəlirlərində iştirak etməyən obyektlərin təmirinə, qazanxanların tikintisinə və məhəllədaxili istilik xəttinin yenidən qurulmasına vəsait yönəldildiyi, dövlət büdcəsindən ayrılan subsidiyanın əhali qrupu tərəfindən istehlak olunan istilik enerjisinin tarifləri üzrə yaranan zərərin ödənilməsinə deyil, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri üzrə yaranan zərərin ödənilməsinə yönəldildiyi müəyyən olunub.


Eyni zamanda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan yeni qazanxanaların tikintisi və mövcud istilik məntəqələrinin modernləşdirilməsinə vəsaitin yönəldilməsi istilik enerjisi istehsalının artmasına təsir etsə də, istehsal edilmiş istilik enerjisinin satılması və istehlakçıya çatdırılmasında problemlərin yaranması və istehsal edilmiş istilik enerjisinin vaxtında istehlakçılara ötürülməməsi əlavə istehsal xərclərinin yaranmasına və kreditor borcların artmasına səbəb olub. Bu isə əsas vəsaitlərin səmərəsiz amortizasiya olunmasına gətirib çıxarmaqla yanaşı, büdcədən “Azəristiliktəchizat” ASC-yə ayrılan subsidiyaların artmasına təsir edib. Əhali qrupu ilə kommersiya təşkilatlarına satılan istilik enerjisinə və isti suya eyni tarifin tətbiq edilməsi isə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin artımına mütənasib olaraq zərərin də artması ilə səbəb olur. 2007-ci ilə nisbətən sonrakı illərdə istilik enerjisi üzrə istehsal və istehlakçıların artmasına baxmayaraq, zərərin həcmi və zərərin ödənilməsi üçün büdcədən ayrılan subsidiyanın həcmi daim artmış, əsaslı vəsait qoyulmuş bir sıra obyektlər üzrə istehsalat xərcləri satılmış istilik enerji gəlirlərindən artıq olub. Hesablama Palatasının apardığı təhlillər, eyni zamanda istilik enerjisi üçün müəyyən edilmiş tariflərin enerjinin əldə olunmasına çəkilmiş xərclərdən nəzərəçarpacaq dərəcədə aşağı olduğunu göstərir.


Hesablama Palatası Azəristiliktəchizat” ASC-nin ildən-ilə kreditor borcların artması, satılan isti su və istilik enerjisinə görə yaranan zərərə görə dövlət büdcəsindən ayrılan subsidiyalardan asılılığın aradan qaldırılması, habelə, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın daha da artırılması məqsədi ilə Nazirlər Kabinetinə bir neçə təklif təqdim edib. Birincisi, istilik enerjisi sahəsində fəaliyyət üçün əsas hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edən, istilik enerjisi istehsalı, daşınması, təchizatı və istifadəsi ilə bağlı münasibətləri tənzimləyən, istilik təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması, istismarı ilə bağlı məsələləri reqlamentləşdirən, bu sferada dövlət siyasətinin əsas prinsiplərini və dövlət dəstəyinin formaları və digər məsələləri özündə əks etdirən müvafiq qanunun və enerji resurslarından səmərəli istifadə olunması, istehsalçı-istehlakçı münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi və digər məsələlərin həlli ilə bağlı istilik enerjisindən istifadə qaydalarının hazırlanması təklif edilib. İkincisi, hüquqi şəxslərin real istehlak olunmuş istiliyə görə ödəmənin aparılmasına cəlb edilməsi məqsədilə istilik haqqı tariflərinə, normalarına və onların hesablanma metodologiyasına yenidən baxılması zəruri sayılıb. Üçüncüsü, Azəristiliktəchizat” ASC-nin faktiki fəaliyyəti ilə onun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar arasında olan uyğunsuzluqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, istilik enerji müəssisəsinin, nəql və paylama xətlərinin texniki pasportlarının hazırlanması təklif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR