Mehriban Əliyeva Pirşağıda orta məktəbin açılışında, Nəsimi rayonunda isə xüsusi məktəbdə Novruz şənliyində iştirak edib - FOTO

Mehriban Əliyeva Pirşağıda orta məktəbin açılışında, Nəsimi rayonunda isə xüsusi məktəbdə Novruz şənliyində iştirak edib  - <span style="color: red;">FOTO
# 14 mart 2013 21:15 (UTC +04:00)

Bakı-APA. Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində Fondun təşəbbüsü ilə yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Qeyd edildi ki, 1934-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı uzun illər ərzində təmir olunmayıb. 2011-ci ilin dekabrında başlanan tikinti işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınaraq həyata keçirilib. Üçmərtəbəli, 660 şagird yerlik binanın ümumi sahəsi 38 min kvadratmetrdən çoxdur. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olacaq. Məktəbdə müxtəlif fənn kabinetləri var. Uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün rəsm və rəsmxətt otağı qurulub. Bundan əlavə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hərbi hazırlıq kabineti yaradılıb. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarına marağı nəzərə alınaraq məktəbdə kompyuter sinfi yaradılmış və zəruri texniki avadanlıqla təchiz olunub. Buradakı kitabxana da yüksək səviyyəsi ilə diqqəti cəlb edir.

Qeyd olunub ki, məktəbdə 200 adda bədii ədəbiyyat və 13 min dərslik toplanıb. Bütün otaqlar dərs ləvazimatları, əyani vəsaitlər və avadanlıqla təchiz olunub.

Heydər Əliyev Fondu məktəbdə biologiya, fizika və kimya laboratoriyalarını şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün əyani vasitələrlə təmin edib.

Diqqətə çatdırılıb ki, məktəbin ətrafında və ərazisində yenidənqurma işləri aparılıb, 3200 kvadratmetr sahədə abadlıq işləri görülüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin pedaqoji kollektivi ilə görüşüb, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik edib.

Azərbaycanın birinci xanımı bildirib ki, dövlətin həyata keçirdiyi siyasətə daim dəstək olan Heydər Əliyev Fondu ölkədə görülən işlərə hər zaman kömək göstərməyə hazırdır. Mehriban Əliyeva qarşıdan gələn Novruz bayramı münasibətilə kollektivi təbrik edib.

Məktəbin müəllimi Qafar Bağırov görülən işlərə görə qəsəbə sakinləri adından Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib.

Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 268 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə gəlib.

Mehriban Əliyeva əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub. Daha sonra Mehriban Əliyeva Novruz bayramı münasibətilə məktəbdə keçirilən tədbirdə iştirak edib.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 268 nömrəli xüsusi məktəbin müəllim və şagirdlərini bayram münasibətilə təbrik edərək dedi:

“Mən sizi bu gün görməyə, xüsusilə də belə bayram əhval-ruhiyyəsində görməyə çox şadam. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. On il bundan əvvəl mən ilk dəfə sizin məktəbə gəlmişdim. Biz ilk dəfə o vaxt görüşdük. Artıq o zaman birinci sinifdə oxuyan uşaqlar indi məktəbi bitirirlər, 9-10-cu sinfin şagirdləridirlər.

Onu da demək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Azərbaycanın internat məktəbləri və uşaq evlərinin inkişaf proqramı məhz sizin məktəbinizdən başladı. Sizin məktəbiniz ilk məktəb idi. Ondan sonra onlarla məktəb yenidən quruldu, təmir olundu. Buna görə, mən hər il bu bayram ərəfəsində sizinlə bir yerdə olmağa çox şadam. Çox şadam ki, balalarımız gözəl təhsil alır, böyüyürlər. Çox şadam ki, belə yaxşı şəraitdə təhsil alırsınız. Onu da demək istəyirəm ki, mən hər zaman sizinlə görüşə xoş duyğularla gəlirəm”.

Sonra şagirdlərə Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edilib.

Azərbaycanın birinci xanımı məktəbin sinif otaqlarına da baxıb, cari təmir işlərinin aparılması ilə bağlı müvafiq tövsiyələrini verib.

1927-ci ildə istifadəyə verilən məktəb 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, yenidən qurulub. İkimərtəbəli bina bütün avadanlıqla təchiz edilib. Hazırda xüsusi məktəbdə təhsil alan 920 şagirdin təlim-tərbiyəsi ilə 250 pedaqoq məşğul olur. Bu şagirdlərin 140-ı məktəblə daimi təmasdadır, digərləri isə təhsillərini ev şəraitində davam etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR