Nazir Əli Abbasov Azərbaycanı “Yay Davosu”nda təmsil edib - FOTO

Nazir Əli Abbasov Azərbaycanı “Yay Davosu”nda təmsil edib - <span style="color: red;">FOTO
# 15 sentyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Sentyabrın 10-12-də Çinin Tiencin şəhərində Dünya İqtisadi Forumunun Asiya sammiti keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Yay Davosu” adlandırılan iclasda 90 ölkədən 1600-dən çox nümayəndə, o cümlədən hökumət rəsmiləri, nazirlər, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, elm adamları, ictimai xadimlər iştirak ediblər. “İnnonasiya vasitəsilə dəyərin yaradılması” mövzusundakı illik iclasın məqsədi dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərinin və inkişaf modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarının müzakirəsi olub. Üç gün ərzində 140-dan çox bölmə iclasında davamiyyət və cəmiyyət, innovasiya və sənaye, elm və texnologiya, yaradıcılıq və mədəniyyət, kibertəhlükəsizlik mövzuları üzrə müzakirələr aparıb. İştirakçılar nano, robot, enerji və informasiya texnologiyalarının inkişafı ilə bağlı məsələləri nəzərdən keçiriblər.

Tiencindəki Meycianq Konfrans və Sərgi Mərkəzində təşkil olunan iclasın açılış mərasimində Çinin Dövlət Şurasının sədri (baş nazir) Li Keçyan, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış ediblər.

İllik iclasda Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərliyində nümayəndə heyəti ilə təmsil olunub. Ə. Abbasov iclasın “Hiper-birləşmiş dünya və internet idarəçiliyi”, “Avrasiya: yeni hüdudlar üçün ssenarilər” mövzularındakı sessiyalara məruzəçi, digər bölmə iclaslarına isə iştirakçı qismində qatılıb.

Ə. Abbasov çıxışında regional əməkdaşlıq, internet idarəçiliyi, internet təhlükəsizliyi mövzularına toxunaraq müvafiq sahələrdə Azərbaycanda görülən işlər barədə də məlumat verib. İclas çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çinin kiberməkanı məsələləri üzrə naziri Vey Lu ilə ikitərəfli görüşü keçirilib. Görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik fəaliyyəti və internet idarəçiliyi məsələləri müzakirə olunub.

Bundan başqa, BMT-nin Baş Məclisi qətnamələri ilə siyasi dəstək almış “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan “Avrasiya Rabitə Alyansı” (Eurasian Connectivity Alliance-EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılıb.

V. Lunu dekabrın 2-5-də Bakıda təşkil olunacaq “Bakutel-2014” sərgisinə, eləcə də sərgi çərçivəsində Azərbaycan hökuməti, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumunun birgə təşkilatçılığı ilə keçiriləcək və internetin 45 illiyinə həsr olunan beynəlxalq konfransa dəvət edib. Qarşı tərəf dəvəti yüksək qiymətləndirərək, konfransda ölkəsinin təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Çinli nazir öz növbəsində Ə. Abbasovu noyabrda Pekində Çin prezidentinin iştirakı ilə keçiriləcək qlobal internet sammitinə dəvət edib.

Ə. Abbasov daha sonra Gürcüstan, Vyetnam, Ruanda, Mali və digər ölkələrin əlaqədar nazirləri, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya İqtisadi Forumu, İCANN kimi beynəlxalq təşkilatların, habelə “Microsoft” (ABŞ), “Huawei” (Çin), “Vikua” (Venesuela) və digər şirkətlərinin rəhbərləri və nümayəndələri ilə də görüşlər keçirib. Görüşlərdə müvafiq sahələrdə əməkdaşlıq imkanları, beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması, xarici şirkətlərin ölkəmizin iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR