Ötən il 200 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Ötən il 200 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb
# 29 yanvar 2018 07:47 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək bildirib ki, 2017-ci ildə də islahatlar davam etməklə öz müsbət nəticələrini verib.

Belə ki, Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-nin icrasını təmin edib. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business 2018” hesabatında Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.

Bildirilib ki, komitə tərəfindən özəlləşdirmənin sürətləndirilməsi ilə əlaqədar istifadəyə verilmiş “Özəlləşdirmə portalı”na ötən il ərzində 850 min baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 1,2 milyonu keçib.

2017-ci ilin fevral ayında vətəndaşların istifadəsinə verilən “AzNav” - ilk rəsmi naviqasiya sisteminin istifadəçilərinin sayı 270 mini keçib. "AzNav" ilk milli naviqasiya sistemi "MilliNet 2017" Milli İnternet Mükafatında e-gov mobil tətbiqləri nominasiyası üzrə 2-ci yeri tutub.

Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 37 elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci il ərzində 180 mindən çox müraciət daxil olmuş və cavablandırılıb.

Bildirilib ki, ötən il ərzində keçirilmiş 20 “Kütləvi çıxarış” kampaniyasının 5-i paytaxt rayonlarında, 15-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2017-ci il ərzində vətəndaşlardan 80 mindən çox müraciət qəbul olunub.

Komitənin “Çağrı mərkəzi”nin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid “Çağrı mərkəzi” yaradılıb. Ötən il ərzində 193 saylı vahid “Çağrı mərkəzi”, komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlardan 5000-ə yaxın müraciət daxil olub və cavablandırılıb.

2017-ci il ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı müasir yanaşmalara əsasən onlayn rejimdə 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul olunub və təhlil edilib.

Ötən il ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 197 hərrac keçirilib. Bu dövrdə 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılıb, 132 yeni iş yeri yaradılıb.

2017-ci ildə 14 rayonda torpaqların elektron uçota alınması işi tam yekunlaşıb. Elektron kadastr uçot işi bitmiş rayonlardan il ərzində 13 rayonun hüdudları daxilində 337 bələdiyyə xəritələri hazırlanıb. 2017-ci ildə 760 mindən çox ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqatı işləri yerinə yetirilib. Azərbaycan ərazisində geodeziya ölçü işlərində “AzPOS” sisteminin imkanları genişləndirilmiş və istifadəçilərin sayı artırılıb. Bu informasiya sistemi yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edir. Vurğulanıb ki, respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1 533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Ötən il ərzində uçot işləri aparılan 32 rayonda rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin iştirakı ilə geniş forumlar keçirilib.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1 103 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə indiyədək 2 200-ə yaxın inzibati protokol tərtib edilib. Müşavirədə bildirilib ki, kənd təsərrüfatı məqsədi ilə 206 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Aqrar sahənin inkişafı məqsədilə ötən il təyinatı dəyişdirilən 82 min hektar torpaq sahəsində 23 “Aqropark” yaradılıb.

2017-ci il ərzində ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bundan başqa, 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

Ötən il ərzində komitənin inzibati binasında və regionlarda komitə rəhbərliyi, həmçinin komitənin strukturuna daxil olan və tabeliyində olan qurum rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilib və ümumilikdə 10 min 755 nəfər qəbul edilib.

Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını verib. Eyni zamanda, komitənin fəaliyyətinə uyğun olaraq torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması, bu istiqamətdə “Azərkosmos” ilə əlaqələrin genişləndirilməsi, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi kimi tədbirlərin icra edilməsini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR