Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə başlanılıb

Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə başlanılıb
# 25 yanvar 2018 09:02 (UTC +04:00)

Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı müvafiq işlərə başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkətdə qarşılaşdıqları problemlərə son qoyacaq, onların həm rayon mərkəzinə, həm də Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın istənilən nöqtəsinə gediş-gəlişi daha da rahatlaşacaq.

2,5 km uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ümumi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən salınır.

Tikinti layihəsinə uyğun olaraq yol yatağı tamamilə yenidən tikilib. Bunun üçün lazımi qalınlıqda çınqıl materialı yola döşənib. Tikinti norma və qaydalarına uyğun olaraq hazırda tələb olunan materialdan yol əsasının tikintisi üçün hazırlıqlar görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə isə yolun yüksək keyfiyyətli asfalt-betonla örtülməsi planlaşdırılır. Bu işlər isə yolun hərəkət hissəsini eni 6 metr nəzərə alınaraq 15 min kvadratmetrdən çox sahədə aparılacaq.

Hazırlanan tikinti layihəsi çərçivəsində yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 3 yerdə suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılıb.

Agentliyin yüksək keyfiyyətlə apardığı işlər imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, insanların təhlükəsizliyi təmin olunsun. Çünki nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan bütün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılmaqla yeni və müasir yol infrastrukturu yaradılmış olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR