Bakı. Vüsal Nəbiyev - APA-Economics. Sabirabad-Surra-Padar avtomobil yolunun 1 kilometrliyində yerləşən avtomobil körpüsü “Azəryolservis” ASC tərəfindən təmir edilib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ötən əsrin 80-ci illərində inşa edilmiş avtomobil körpüsünün uzunluğu 267 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni isə 8 metrdir.
Nəqliyyat vasitələrinin, həmçinin piyadaların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılan təmir işləri zamanı yolun hərəkət hissəsinin və piyada səkilərinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib.
Ümumilikdə ərazinin təqribən 2 700 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, körpünün dəmir məhəccərləri də zəruri olan yerlərdə bərkidilib və rənglənib.