Şirzad Abdullayev: “Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə də davam etdiriləcək”

Şirzad Abdullayev: “Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə də davam etdiriləcək”
# 24 yanvar 2018 15:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə. nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun 2017-ci il üzrə fəaliyyətinə, o cümlədən aqroparkların yaradılması sahəsində görülmüş işlərə dair məlumat verib.

O bildirib ki, fondun tarixində ilk dəfə olaraq ötən il dövlət büdcəsindən vəsait ayrılmadan investisiya layihələri maliyyələşdirilib: “2017-ci ildə fond tərəfindən 1953 sahibkara geri qaytarılan vəsaitlər hesabına 146 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Verilmiş kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə daha 40 layihənin başa çatdırılması nəzərdə tutulur”.

Ş. Abdullayev bildirib ki, sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 2017-ci ildə 3800 sahibkarın iştirakı ilə 40 işgüzar forum keçirilib: “Ümumilikdə, indiyədək layihələrinin ümumi dəyəri 4 mlrd. manatdan çox olan 34600 sahibkara 2,1 mlrd. manat güzəştli kredit verilib”.

SKMF-nın icraçı direktoru deyib ki, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə də davam etdiriləcək: “Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlıq subyektlərinə aqroparkların, ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, texniki bitkiçilik, idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə ilkin olaraq 170 mln. manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 28 rayonu üzrə qeyri-səmərəli və istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarda 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Aqroparkların yaradılmasına 251 mln. manat, o cümlədən infrastruktur təminatına 149 mln. manat dövlət investisiyası və 102 mln. manat güzəştli kredit ayrılıb, 11 aqropark üzrə 350 mln. manat dəyərində dövlət investisiya təşviqi sənədi verilib, kompleks aqrolizinq xidmətləri göstərilib. Aqroparkların 3-də birinci mərhələ başa çatdırılıb, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin daha da artmasına səbəb olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR