Ticarətdə texniki maneələrin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsi PA-ya təqdim edilib

Ticarətdə texniki maneələrin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsi PA-ya təqdim edilib
# 12 yanvar 2018 08:07 (UTC +04:00)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildə görülən işlərə dair hesabat açıqlayıb.

APA-Economics”in məlumatına görə, prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanının icrası məqsədilə beynəlxalq təcrübə nəzərə alınaraq “Standartlaşdırma haqqında” yeni qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Eyni zamanda, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə hazırlanmış “Texniki tənzimləmə haqqında” qanun layihəsinin son variantı razılaşdırılaraq Prezident Administrasiyasına təqdim edilib.

“Sözügedən fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək üçün milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanaraq aidiyyəti dövlət orqanları və təşkilatlar ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Həmin Fərmanın 1.8-ci bəndinin icrası məqsədilə qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlara dəyişiklik layihələri Ədliyyə Nazirliyi ilə birgə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.

Bundan başqa, əqli mülkiyyət sahəsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlara dəyişiklik layihələri, o cümlədən “Azərbaycan Respublikasının milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində akkreditasiya sahəsini tənzimləyən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanununa dəyişikliklərin edilməsi barədə” qanun layihəsi hazırlanıb.

Həmçinin, hüquqi və fiziki şəxslərə məxsus oxşar və ya eyni əmtəə nişanı və firma adlarından istifadə hallarının qarşısının alınması, əmtəə nişanı sahiblərinin və hüquqi şəxslərin firma adlarının, o cümlədən istehlakçıların bu sahədə hüquqlarının etibarlı qorunması məqsədilə hazırlanmış və Vergilər, İqtisadiyyat və Ədliyyə nazirlikləri ilə razılaşdırılmış “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihələri də Nazirlər Kabinetinə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR