ADY Pirşağı-Sumqayıt dəmir yolu sahəsində profilaktik işlərə hazırlaşır

ADY Pirşağı-Sumqayıt dəmir yolu sahəsində profilaktik işlərə hazırlaşır
# 03 aprel 2024 12:26 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC cari ilin 6 aprel tarixindən etibarən Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt sahəsində profilaktik işlərin görülməsi üçün texniki fasilə götürəcək.

Bu barədə “APA-Economics”ə müsahibəsində ADY-nin İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarov bildirib.

“Nəzərə alsaq ki, Abşeron dairəvi marşrutu üzrə ADY gündəlik 31 mindən çox sərnişin daşıyır hərəkətin təhlükəsizliyi üçün infrastrukturun saz vəziyyətdə olması şərtdir. Bu baxımdan biz 6 aprel tarixindən etibarən Pirşağı-Sumqayıt sahəsində profilaktik işlərin görülməsi üçün texniki fasilə götürəcəyik”, - Elçin Zülfüqarov qeyd edib.

Onun sözlərinə görə, sentyabra kimi davam edən bu proses Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə qeyri-pik saatlarda qatar reyslərinin sayının azaldılması ilə müşayiət olunacaq. Nəzərə alsaq ki, artıq aprel ayıdır və yaxın aylarda məktəblər və təhsil müəssisələrində yay tətili başlayacaq, nisbətən sərnişin tələbatı azalacaq bu baxımdan texniki fasilə üçün bu vaxt aralığı seçilib.

Şöbə müdiri onu da bildirib ki, sentyabr ayında texniki fasilə bitdikdən sonra həmin xətt üzrə sərnişinləri bir sıra yeniliklər gözləyəcək.

“İlk növbədə hərəkətin təhlükəsizliyi üçün infrastruktur sahəsində təmir işləri yekunlaşacaq. İşarəvermə-rabitə qurğularının, kontakt şəbəkə sistemi, elektrik sahəsi və yol təsərrüfatında çoxdan ehtiyac duyulan kompleks işlər görüləcək. Təmir işləri yekunlaşdıqdan sonra infrastrukturda baş verən nasazlıqlar səbəbindən qatarların yolda qalması, gecikməsi kimi hallar azalacaq, qatarların daha sürətlə hərəkəti təmin olunacaq və sərnişin məmnuniyyəti yüksələcək”, - Elçin Zülfüqarov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR