Rəhman Hümmətov: Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini 8-10 mln. tonadək artıracaq

Rəhman Hümmətov: Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini 8-10 mln. tonadək artıracaq
# 27 fevral 2024 11:25 (UTC +04:00)

Son iki ayda Transxəzər Beynəlxalq Tranzit Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və görülən tədbirlər sayəsində bu konteynerlərin Gürcüstan limanlarına çatması 12 gün çəkib. Məlumat üçün qeyd edim ki, əvvəllər bu, təxminən 40-50 gün çəkirdi.

"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının bu yaxınlarda dərc etdiyi “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbirdə onlayn çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan avtomobil yolları və dəmiryolu xəttlərinin inkişafı üçün investisiya etməkdə davam edir. Əsas məsələlərdən biri Zəngilanla Naxçıvanı və Türkiyəni birləşdirən nəqliyyat xəttinin qurulmasıdır. Bu nəqliyyat xətti Orta Dəhlizinin bir hissəsi kimi nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi üçün böyük fürsətlər yaradır. Hesablamalara görə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq.

O əlavə edib ki, beynəlxalq tranzit dəhlizlərinin inkişafı üzrə inteqrasiya planları, sərhəd-keçid prosedurlarının uyğunlaşdırılması, proseslərin sinxronlaşdırılması, dəniz əməliyyatlarının səmərəliliyinin təmin edilməsi, vahid qlobal tranzit sənədinin həyata keçirilməsi rəqəmsallaşma sahəsində müsbət təsirini göstərir.

“Biz Orta Dəhlizin potensialının reallaşdırılmasında beynəlxalq təşkilatların və Dünya Bankının komandasının marağına və dəstəyinə görə minnətdarıq. Bankın hesabatında da qeyd olunduğu kimi, Orta Dəhliz dünya ictimaiyyəti tərəfindən müvəqqəti əlaqə üçün sadəcə qısamüddətli həll yolu kimi deyil, iki qitənin iqtisadiyyatları arasında ən qısa və effektiv əlaqə kimi tanınır. Avrasiyada etibarlı həlqə rolunu oynayan dəhlizin inkişafını dəstəkləmək, onun potensialını maksimum dərəcədə artırmaq niyyətimiz və güclü siyasi iradəmiz var”, - Rəhman Hümmətov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR