Türkiyə səfirliyində Beynəlxalq Astronavtika Konqresi çərçivəsində qəbul keçirilib - FOTO

Türkiyə səfirliyində Beynəlxalq Astronavtika Konqresi çərçivəsində qəbul keçirilib - FOTO
# 04 oktyabr 2023 18:48 (UTC +04:00)

Türkiyə səfirliyində Beynəlxalq Astronavtika Konqresi çərçivəsində qəbul keçirilib.

APA xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Ahmet Yozgatlıgil, Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım və digər rəsmi şəxslər iştirak edib.

Cahit Bağçı qeyd edib ki, Türkiyə son illər ərzində texnologiyanın digər sahələrində olduğu kimi, aerokosmik tədqiqatlar sahəsində də böyük uğurlara imza atıb.

“Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu sahənin inkişafı üçün əhəmiyyətli addımlar atılıb və biz milli texnologiyamızı qlobal miqyasda yüksəklərə qaldırmışıq. Bu sahədə birgə əməkdaşlıq şübhəsiz ki, qlobal istiləşmə kimi məsələlərin həllinə də öz müsbət təsirini göstərəcək. Aerokosmik sahədə tədqiqatların həyata keçirilməsi üçün Türkiyə ötən il dövlət büdcəsindən 2 milyard dollar vəsait ayırıb. Bu vəsait bizim ümumi daxili məhsulumuzun 0.4 faizini təşkil edib. Bizim məqsədimiz bu rəqəmi ÜDM-un 1 faizinə çatdırmaqdır”, - o qeyd edib.

Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım isə Türkiyənin bir kosmik dövlətə çevrildiyini deyib.

"Ölkəmizin həyata keçirdiyi Milli Kosmik Proqramı çərçivəsində böyük nailiyyətlər əldə edilib və ən əsas hədəfimiz Ayın tədqiqatıdır. Türkiyənin ilk kosmonavtı Beynəlxalq Aerokosmik Konfransda iştirak edib və indi də bizim aramızdadır. Biz Aya 2026-ci ildə kosmik missiya göndərəcəyik. İlk fazada Ayın səthinə eniş ediləcək və bunun davamı olaraq ikinci fazada Ayın səthindən nümunələr götürüləcək ki, elm adamlarımız onların üzərində araşdırma apara biləcəklər. Biz həmçinin Beynəlxalq Aerokosmik Konfransın 2026-cı ildə Türkiyədə keçirilməsini planlaşdırırıq, bu tədbir Antalya şəhərində keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR