BP: Bu il "Şəfəq-Asiman"da birinci kəşfiyyat qazma işlərinin başlanması gözlənilir

BP: Bu il "Şəfəq-Asiman"da birinci kəşfiyyat qazma işlərinin başlanması gözlənilir
# 30 may 2019 13:10 (UTC +04:00)

Cari il ərzində "Şəfəq-Asiman" strukturunda birinci kəşfiyyat qazma işlərinin başlanması gözlənilir. ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

Onun sözlərinə görə, sözügedən strukturda nəticələr uğurlu olarsa, o, miqyasına görə "Şahdəniz" yatağı qədər ola bilər. Bundan başqa, neftin əlverişli zonada yerləşdiyi Abşeron yarımadasının dayazsulu sahəsi mövcuddur.

"Bu ərazidə biz seysmik tədqiqat işlərini artıq başa çatdırmışıq və növbəti iki il ərzində seçilmiş üç perspektiv sahədə üç kəşfiyyat quyusu qazmağı planlaşdırırıq", - deyə Q. Cons qeyd edib.

Xərclərinin nisbətən aşağı olması və yerli infrastruktura yaxın yerləşməsi səbəbindən Abşeron yarımadasının dayazsulu sahəsində neftin əlverişli olduğu hesab edilir.

Q. Consun sözlərinə görə, D230 bloku "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının şimalında yerləşən böyük və əlverişli neft imkanı təmin edir. BP və SOCAR 2018-ci ildə bu sahənin birgə kəşfiyyatı və işlənməsi üçün 25 illik hasilatın pay bölgüsü haqqında saziş imzalayıb.

Bu il həmin sahədə kəşfiyyat aparılmalı potensial strukturları müəyyənləşdirmək üçün seysmik tədqiqat aparmağı planlaşdırırıq və tədqiqatın nəticələri uğurlu olarsa, tez bir zamanda, yəni növbəti il artıq quyunun qazılması nəzərdə tutulur.

"Biz inanırıq ki, bu sahə AÇG yatağının işlənməsindən bu vaxtadək Azərbaycanda ən böyük neft işlənməsi ola bilər", - deyə Q. Cons əlavə edib.

Qeyd edək ki, "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50­500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz" yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR