Ankarada Rəsulzadənin adını daşıyan litseydə onun bir portreti belə yoxdur - REPORTAJ

Ankarada Rəsulzadənin adını daşıyan litseydə onun bir portreti belə yoxdur  - REPORTAJ
# 22 may 2019 10:12 (UTC +04:00)

Xatirələrində, yazılarında Azərbaycan həsrəti, mühacir həyatının qəriblikləri duyulan Məhəmməd Əmin Rəsulzadənin Ankarada üç anım məkanı var: 1949-cu ildə yaratdığı Azərbaycan Kültür Mərkəzi, 1955-ci ildən Cəbəçi Əsri məzarlığının 28 may küçəsində uyuduğu məzarlığı, bir də adını daşıyan Anadolu Litseyi.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, məktəb 1993-cü ildə Türkiyənin səkkizinci prezidenti Turqut Özalın təşəbbüsü ilə yaradılıb. Təhsil səviyyəsinə görə Ankarada ilk üçlükdə, bütün Türkiyə də ilk onluqdadır.

Litseydə Rəsulzadəni andıran bir xatirə guşəsi, bir portreti belə yoxdur

Nə qədər qəribə olsa da, litseydə Məhəmməd Əmin Rəsulzadəni andıran bir xatirə guşəsi, divarlarında bir portreti belə yoxdur.

Bununla belə, litseyin direktoru Hüseyn Qazi Yıldırım ONA-ya açıqlamasında məktəbin uğurlarının Rəsulzadənin adına, sanına, ruhuna yaraşdığını bildirib. Məktəbdə Rəsulzadənin bir portretinin belə olmamasını isə belə izah edib: “Dəyərli fikir və dövlət adamı olaraq Rəsulzadə isminə böyük hörmətim var. Təəssüf ki, mənim rəhbərlik dövrümə qədər məktəbdə onun adını əbədiləşdirməyə, Rəsulzadənin adına yaraşan tədbirlər keçirməyə bir müddət fasilə verilib. Doğrudur, mənə qədər də, hazırda da Rəsulzadəni anma tədbirləri keçirilir, amma məncə, bu, yetərli deyil. Əlbəttə, mən də bu vəzifədə əbədi qalmayacağam. Məktəbin rəhbərliyindən getməzdən öncə isə Rəsulzadə adına yaraşan tədbirlər görməsəm, bunu özümə əskiklik sayaram. Rəsulzadənin büstü də daxil olmaqla, məktəbin girişində onun guşəsini yaratmaq arzusundayıq. Gördüyünüz kimi, məktəbdə Atatürkün adına görkəmli guşə var. Büstünün, həyat hekayəsinin, dəyərli fikirləri olan lövhələrin, kitablarının, rəsmlərinin olduğu belə bir guşəni Rəsulzadə üçün də yaratmaq istəyirik. Maliyyə mənbəyi olmasa, bunu məktəbin imkanları hesabına da edə bilərik, amma bu, bəsit bir şey olar. Onun ruhuna, şanına layiq şəkildə bir guşə olmalıdır. Ona görə də təmsil olunduğunuz media vasitəsilə bu məsələnin Azərbaycanda da bilinməsini istərdik”.

"Azərbaycana getmək istədik, təəssüf ki, maliyyə dəstəyi olmadı"

Azərbaycanla münasibətlərin daha möhkəmləndirilməsi üçün Hüseyn Qazi Yıldırım iki ölkənin məktəbləri arasında əlaqələrinin genişlənməsinin zəruri olduğunu qeyd edib: “İndiyə qədər Hayrı Ataş adlı, Azərbaycan heyranı olan həmkarımızın təşəbbüsü ilə bir tədbir keçirmişik. Onu da deyim ki, Hayrı Ataş Bakıda 4-5 il ədəbiyyat müəllimi işləyib. İki ildir, Türkiyəyə qayıdıb, amma Azərbaycandan tam qopmayıb. 2015-ci ildə Hayrı Ataşın təşkilatçılığı ilə istiqlal şairlərimiz “Mehmet Akif Ərsoy və Əhməd Cavadın izində” layihəsini icra etdik. Bakı Türk Anadolu Litseyindən müəllim və şagirdlər gəldi, litseyimizdə tədbirlər keçirildi, Azərbaycan musiqiləri, rəqsləri ifa olundu, söhbətlər apardıq və bu, məktəbimizdə böyük maraqla qarşılandı. Sonra qonaqlarımızı İstanbula, oradan Ədirnəyə, Çanaqqalaya, Bursaya gəzintiyə apardıq. Bu layihənin davamı olaraq biz də Azərbaycana getmək istədik, təəssüf ki, maliyyə dəstəyi olmadı. Bu günlərdə öz təşəbbüsümüzlə İstanbul Atatürk Litseyi və bizim məktəbin Azərbaycan əsilli müəllimi Murat Gülbətəkinlə Hayrı Ataş bir qrup şagirdlə Azərbaycanın Ağcabədi rayonunda məskunlaşan Laçın rayon Vağazin kənd orta məktəbini ziyarət ediblər, təhsil səviyyəsi ilə maraqlanıblar. Köçkün məktəblilərə hədiyyələr göndərmişdik. Çox hörmətlə qarşılanıblar. Biz çox istərdik ki, bu əlaqələrimiz davamlı olsun, könül bağımız daha da möhkəmlənsin”.

Məktəbdə Azərbaycan əsilli şagirdlər də təhsil alırlar

Litseyin uğurlarından danışan direktor məktəbə şagirdlərin seçilərək qəbul edildiyini deyib: “Litseyimiz fəaliyyətə 450 şagirdə başlayıb, hazırda 650 şagirdimiz var. Bunun da səbəbi imtahanla şagird qəbul edən məktəblərdə limit məhdudlaşdırılması ilə bağlıdır. Çünki təhsil səviyyəsinin daha keyfiyyətli olması qarşıya məqsəd kimi qoyulduğundan siniflərdə şagird sayının az olması önəmlidir. Bu səbəbdən orta məktəbi, yəni 8-ci sinfi bitirib imtahanda çox yüksək nəticə əldə edənlər məktəbimizdə təhsil almaq haqqı qazanır. Bura gələn şagirdlərin çoxu tibb və ya mühəndislik ixtisasına yiyələnməsi qarşılarına məqsəd qoyur, böyük əksəriyyəti də hədəfinə çatır. Bir sinifdə 6 şöbə varsa, onun 5-i texniki, yalnız biri humanitar təmayüllü olur.

Bundan başqa, Avropa Birliyi layihəsi çərçivəsində şagirdlərimiz xarici ölkə məktəblərinin şagirdləri ilə mübadilə proqramı icra edir. İngilis dilli şagirdlərimiz isə, adətən, öz maliyyə vəsaitləri hesabına xaricdə bir illik təhsil alırlar. Avropanın müxtəlif ölkələrindən də gəlib şagird mübadiləsi proqramı əsasında məktəbimizdə türkcə təhsil alanlar var”.

Sonda Hüseyn Qazi Yıldırım Rəsulzadənin ruhuna hörmət əlaməti olaraq litseydə Azərbaycan adına hər hansı tədbirin keçirilməsinin mümkün olduğunu da vurğulayıb: “Müstəqil Azərbaycanın yaranma günü - 28 May ərəfəsində məktəbimizdə Rəsulzadəni andıran musiqili tədbir keçirmək istərdik. Valilikdən izn alıb bu tədbirləri reallaşdırmaq olar. Buna məktəbimizin imkanı var. Məktəbimizdə Azərbaycan əsilli şagirdlər də təhsil alırlar. Azərbaycanla olan əlaqələrimizin genişlənməsi çox önəmlidir”.

P.S. Ümid edək ki, təhsil ocağında Azərbaycan və Rəsulzadə ilə bağlı arzular xeyirxah insanlar sayəsində reallaşacaq. Arzu olunandır ki, Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə də babasının adını daşıyan litseydə olsun, orada görüşlər keçirsin, babasının öz əli ilə çəkdiyi portretini məktəbə hədiyyə etsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR