Rusiya və Avropa İttifaqının (Aİ) hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyası və Aİ-nin on minlərlə bank müştərilərinin şəxsi məlumatlarını oğurlayan kibercinayətkar qrupun fəaliyyətinin qarşısını alıblar.
“APA-Economics”in məlumatına görə, bunu “RİA Novosti”yə müsahibəsində Beynəlxalq Polis Assosiasiyasının Rusiya bölməsinin rəhbəri, general-leytenant Yuri Jdanov deyib.
Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq xarici həmkarları ilə fikir mübadiləsi aparır və birgə əməliyyatlarda iştirak edirlər.
Belə ki, ötən ay Aİ polisi ilə birlikdə Rusiya Federasiyasının Baş Prokurorluğu Rusiya vətəndaşlarının məlumatlarını oğurlayan və Avropadakı serverlərdə saxlayan böyük cinayətkar şəbəkəni zərərsizləşdirib. Onlarla iştirakçıdan ibarət olan kibercinayətkar qrup Rusiya və Avropa İttifaqının, o cümlədən İsveç, Almaniya və bir sıra digər ölkələrin bank şəbəkələrinin məlumatlarını oğurlayıblar.
Birgə əməliyyat zamanı Almaniyanın polis məmurları Rusiya Federasiyasından kənarda olan kibercinayətkarları aşkar etməyə və onların oğurladıqları məlumatları məhv etməyə kömək ediblər.